Naxçıvan səhiyyəsində keçən 45 il

A- A A+

Xalqımız tarixən həkimlik sənətinə ülvi bir peşə, həkimə Naxçıvan səhiyyəsində keçən 45 il müqəddəs bir şəxs kimi baxıb. İnsanların müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Belə tanınmış tibb işçilərindən biri də Nehrəm qəsəbə sahə xəstəxanasının baş həkimi Hüseyn Niftəliyevdir. Ömrün 70-ci baharını yaşayan Hüseyn həkim geyindiyi ağ xalatın təmizliyini hər şeydən üstün tutan tibb işçilərindəndir. İnsanlara həssas, qayğıkeş münasibət bəsləməsi, ona üz tutanları naümid qoymaması ilə tanınır. İndi təkcə Babək rayonunda deyil, muxtar respublika səhiyyəsində Hüseyn həkimi tanımayan az adam tapılar. 70 illik ömür payının 45-ni Naxçıvan səhiyyəsinə həsr edən Hüseyn həkimi yaxından tanıyaq.

Hüseyn Niftəliyev 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. 1975-76-cı illərdə Bakı şəhərindəki 5 saylı uşaq infeksion xəstəxanasında internatura keçib, Sabunçu xəstəxanasında orta tibb işçisi kimi işləyib. O, sənətini çox sevdiyi üçün öz işinə həmişə məsuliyyətlə yanaşıb, diqqətli olub. Bu keyfiyyətlərinə görə ona 5 saylı xəstəxanada qalıb işləməyi təklif etsələr də, Hüseyn həkim canı, qanı qədər sevdiyi doğma Naxçıvanda işləməyi daha üstün tutub. 1976-cı ildən Culfa rayonundakı Yaycı kənd xəstəxanasına təyinat alıb və həkim-pediatr kimi işə başlayıb. Bu səhiyyə ocağında fəaliyyət göstərdiyi 5 ilin 3-nü xəstəxana kabinetində keçirib. Bura onun həm iş, həm də yaşayış yeri olub. Odur ki, kənd camaatı günün istənilən saatında ona müraciət edə bilirdi. Hüseyn həkim Yaycı xəstəxanasına gələnə qədər burada stasionar uşaq şöbəsi, demək olar ki, fəaliyyət göstərməyib. Gənc həkimin təşkilatçılığı ilə stasionar şöbə yaradılıb və uşaqlar müalicəyə cəlb olunub. Həmin vaxt Yaycı kəndində uşaq ölümü çox yüksək səviyyədə idi. Vəziyyətdən çıxış yolu kimi, ilk növbədə patronaj xidmətinə diqqət artırılır, xəstə uşaqlar stasionara cəlb olunmaqla, peyvəndləri vaxtında və düzgün aparılmaqla uşaq ölümünün səviyyəsi minimuma endirilir.

1979-cu ildə Yaycı kəndində qarın yatalağı xəstəliyi geniş yayılmışdı. Gənc həkim xəstəliyin qarşısını almaq üçün müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlayır. Xəstəxanada işlədiyi illər ərzində müalicə etdiyi neçə-neçə ağır xəstə tam sağalma ilə evə yazılıb. Bu gün həmin insanların 30- 40 yaşı var. İndi onlar öz uşaqlarını müayinə üçün yaxşı tanıdıqları, inandıqları, güvəndikləri Hüseyn Niftəliyevin yanına gətirirlər.

Hüseyn Niftəliyev 1982-ci ilin aprel ayında Nehrəm kənd xəstəxanasına baş həkim təyin olunub. Sənətinin vurğunu olduğu üçün baş həkimliklə bərabər, daha çox uşaqların müalicəsi ilə məşğul olub. İşlədiyi bu illər ərzində Nehrəmdə uşaq ölümünün səviyyəsi sıfıra endirilib. Hepatit-A virusunun əlamətləri üzə çıxarkən Hüseyn Niftəliyev bütün kollektivlə birlikdə profilaktik tədbirlər aparıb, xəstələri vaxtında stasionara göndərib və infeksiyanın qarşısının qısa müddətdə alınmasına nail olub. Bu uğuruna görə, həmin vaxtı əməyi qiymətləndirilib və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Görüşümüz zamanı Hüseyn həkim milli səhiyyəmizin inkişafı barədə fikirlərini də bizimlə bölüşdü. Dedi ki, vaxtilə Nehrəmdə müxtəlif yerlərdəki yaşayış evlərində birmərtəbəli xəstəxanalar fəaliyyət göstərib. Adi ev şəraitində qurulan xəstəxanaların o zamankı vəziyyətini təsəvvür etmək çox da çətin deyil. Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən məhz onun təşəbbüsü ilə Nehrəmdə indiki səhiyyə ocağının yerində xəstəxana binası və ayrıca doğum evi tikilib. Nehrəm xəstəxanasının yeni dövrü isə 2008-ci ilin oktyabr ayından başlayır. Son illərin quruculuq ərməğanlarından olan tibb ocağı müasir avadanlıqlarla təchiz olunub və bu xəstəxanaya təkcə Nehrəmdən yox, muxtar respublikanın bütün bölgələrindən müraciətlər olur, müayinə və müalicələr aparılır. Xəstəxanamızda doğuş, uşaq və terapevtik şöbə, fizioterapiya otağı, laboratoriya, ultrasəslə müayinə və stomatoloji kabinələr fəaliyyət göstərir.

Bu gün xəstəxanada işinin öhdəsindən layiqincə gələn gənc həkimlərimiz də var. Pediatr Gülarə Baxşıyeva, stomatoloq Arzu Hüseynəliyeva kimi həkimlərin fəaliyyəti insanlarda razılıq doğurur. Ümumiyyətlə, bu sahədə inam çox önəmlidir. Çünki həkimin qoyduğu düzgün diaqnoz, apardığı müalicə effekt verdiyi halda xəstədə ona qarşı bir inam formalaşır. Mütəxəssislər də hesab edirlər ki, xəstənin həkimə olan inamı müalicənin yarısını təşkil edir.

Yaxşı haldır ki, bu gün Nehrəm qəsəbə sahə xəstəxanasında xəstəlikləri əvvəlcədən aşkar etmək və müalicə aparmaq üçün hər cür şərait yaradılıb. Xəstəxananın şöbələrində ən son tibbi avadanlıqlar quraşdırılıb və buna görə də pasiyentlər uzaq məsafə qət edib rayon mərkəzinə, yaxud Naxçıvan şəhərinə getmədən tibbi xidmətlə təmin olunurlar. Xəstəxananın kollektivi adından muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm ki, bu cür şəraiti olan tibb ocağını bizə hədiyyə edib. Bu gün coğrafi mövqeyindən asılı olmayaraq, bütün kəndlərimizdə xəstəxana binaları, ambulatoriya və ya feldşer-mama məntəqələri istifadəyə verilib. Bütün bunlar göstərir ki, dövlətimiz insan sağlamlığına, insan amilinə necə yüksək qiymət verir.

Xəstəxananın kollektivi Hüseyn həkimin rəhbərliyi altında təqvimə uyğun olaraq uşaq əhalisinə peyvəndlərin vaxtlı-vaxtında vurulmasını, kütləvi dövri müayinələrinin aparılmasını, l-Vl sinif şagirdlərinin tuberkulin test sınaqlarına, yuxarı sinif şagirdlərinin isə flüoroqrafik müayinələrə cəlb edilməsini həyata keçirir.

Yeni Azərbaycan Partiyasının üzvü kimi 2005-2010-cu və 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi də səmərəli ictimai fəaliyyət göstərib. 2004-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı, 2007-ci ildə “Tərəqqi” medalı, 2013-cü ildə muxtar respublikanın inkişafındakı əməyinə görə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılan “Xatirə” qızıl medalı ilə təltif olunub. 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918- 2018)” yubiley medalına layiq görülüb. Bu il aprelin 27-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tanınmış həkim, ictimai xadim Hüseyn Niftəliyevin 70 illik yubileyi qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbriki oxunub. Uşaq əhalisinin sağlamlığının qorunmasında qazandığı uğurlara görə, Hüseyn Niftəliyevə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanı təqdim olunub.

Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın bu sözləri Hüseyn həkimin həyat kredosudur: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın varmı?”.

Hazırda ağxalatlı peşə sahibi uşaq əhalisinin sağlamlığı keşiyindədir. Yeri gələndə pandemiya ilə döyüşür, yeri gələndə kiminsə yarasına məlhəm qoyur, təcili yardım işçisitək kiminsə yardımına gedir. Biz isti evimizdə ikən, o, səfərbərdir, əsgər səngərdə Vətəni qoruyan kimi, o da uşaqların sağlamlığı keşiyindədir.

Deyirlər, insanın ömrü onun əməlləri qədərdir. Alnıaçıq, başı dik yaşamaq və yaşadığı ömrə sığdırdığı xeyirxah işlər insana ikinci ömür, ikinci həyat qazandırır. Dəyərli ziyalı, gözəl insan, şəfqətli peşə sahibi Hüseyn həkimin keçdiyi həyat yolu kimi…

Hüseyn Əsgərov

yazıçı-jurnalist

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: