İlk yaz meyvəsi olan çiyələyin faydaları

A- A A+

Çiyələk qiymətli giləmeyvə bitkiləri içərisində ilk yerlərdən birini tutur. Dünyanın əksər yerlərində ta qədimdən geniş yayılan çiyələyin dünyada 20-25 növünün yayıldığı iddia edilir. O, əsasən Amerika qitəsində, Asiyada və qismən Avropada yayılıb. Keçmiş SSRİ ərazisində 7 növünə rast gəlinirdi. Bunlardan 6 növü yabanı, 1 növü isə mədəni haldadır. Azərbaycanda yabanı halda bir növü yayılıb.

Bu əvəzolunmaz meyvədən insanlar hələ eramızdan əvvəl istifadə ediblər. Çiyələk haqqında Teofrast, Hippokrat, Katon, Kalumella, Vergiley, Pliniy, Ovidiy və başqaları yazıb, yabanı çiyələyi təsvir ediblər.

Çiyələk XIV əsrin əvvəllərində mədəniləşdirilib, kütləvi əkinə isə XVI əsrdə başlanıb. Rusiyada çiyələk əvvəl monastır və mülkədar bağlarında, sonralar kütləvi kəndli torpaqlarında əkilməyə başlanıb.

Respublikamızda çiyələk yabanı və mədəni halda geniş yayılmış meyvə bitkisidir. Demək olar ki, respublikamızın əksər bölgələrində geniş əkilib becərilir və yüksək məhsul əldə edilir. Əsasən Salyan, Şabran, Lənkəran, Astara, Biləsuvar, Abşeron və s. rayonlarda faraş meyvə olduğundan geniş ərazilərdə əkilib becərilir. Naxçıvan Muxtar Respublikası ərazisində Ordubad, Babək, Culfa, Şərur rayonlarında geniş əkin sahələri vardır. İlk yazda faraş meyvə olduğundan alıcı qabiliyyəti yüksək olur.

Kimyəvi tərkibi: Qiymətli giləmeyvə bitkilərindən çiyələk ölkəmizdə geniş yayılıb. Meyvələrinin vegetasiya dövründə erkən yetişməsi və təzə meyvə mövsümünün bu bitki ilə açılması, meyvələrinin zəngin kimyəvi tərkibi və onun pəhrizlik xüsusiyyəti bu bitkinin geniş ərazilərdə əkilib becərilməsinə şərait yaradıb.

Çiyələk meyvələrinin tərkibində 4,5-9,9% şəkər, 0,80-1,8% üzvü turşular, 0,9-1,7% azotlu birləşmələr, 1-1,7% pektin maddələr, 1,0-1,6% sellüloza, 0,16-0,25% dabbaq maddələri, 1-1,5% zülal, 0,4-0,8% kül elementləri, 30-100mq% C vitamini və digər vitaminlər, həmçinin müxtəlif makro və mikro elementlərin duzları, bioloji fəal maddələr və s. vardır.

Botaniki təsviri və bioloji xüsusiyyətləri: Çiyələk gülçiçəklilər (Rosaçeae Juss.) fəsiləsinə, Fragaria L. cinsinə aitdir. Dünya miqyasında 20-25 növü vardır. Bu növlərin əksəriyyəti Amerika qitəsində, Asiyada və qismən də Avropada yayılıb.

Meşə çiyələyi (F.Vesca L.) keçmiş SSRİ-nin Avropa hissəsində, Aşağı Volqa ətrafında, Qərbi və Şərqi Sibirdə, Orta Asiyada, Qafqazda və Azərbaycanın dağlıq və dağətəyi bölgələrində geniş yayılıb. Çoxillik ot tipli bitkidir.

İriçiçəkli çiyələk (F.grandiflora Ehrh.) dünyanın əksər ölkələrində mədəni halda becərilən və bütün irimeyvəli sortların törədicisi olan bu növ güman olunduğuna görə 2 Amerika mənşəli növün- Çili (F.Chiloensis (L.) Duch.) və Virgin (F.Virginiana Duch) çiyələyin təbii hibrididir.

Çiyələk çoxillik ot bitkisidir. Hündürlüyü 30-35 sm olub, çoxlu miqdar qaytana bənzər bığcıq yaradır, bunlar torpaq üzərinə sərilərək artıb böyüyür. Yarpaqları mürəkkəb tipli olub, uzun saplaq üzərində 3 ədəd olmaqla yerləşir. Yarpaqları il ərzində 2 dəfə təzələnir bir ilk yazda, birdə meyvələr yetişdikdən sonra. Yarpaqların sayı məhsuldarlığa təsir göstərən əsas amildir. Çiçək topadır. Hər çiçək topasında 5-14 ədəd çiçək olur. Kolun çiçəkləməsi 25 gün, bir çiçəyin ömrü 4-6 gündür. Çiçəkləmədən meyvənin yetişməsi 18-22 gün, tumurcuqlamadan meyvənin yetişməsi isə 35-42 gün çəkir. Çiçəkləri ikicinsiyyətli və özübarlıdır.

Çiyələk meyvəsi yalançı meyvə olub, çiçəkyatağının şişməsindən əmələ gəlir. Bir çiçək yatağında çoxlu giləmeyvə olur və bunlar bir-biri ilə üzvi əlaqə olmadan sərbəst yerləşir.

Müalicəvi əhəmiyyəti: Çəhrayı və sarı rəngli, qoxulu bir bitki olan çiyələk olduqca faydalı və xeyirli bir meyvədir. Çiyələk meyvələri təzə halda yeyilir və ondan müxtəlif məmulatlar (mürəbbə, povidlo, sirop, jele, marmelad) hazırlanır. Çiyələk meyvələri vitaminlərlə zəngin olduğundan və ilk yazda yeyildiyindən insan orqanizmi üçün çox faydalıdır. Çiyələyin tibbi əhəmiyyəti genişdir və bunlar qısaca olaraq aşağıda verilibdir. Çiyələyin tərkibində bol miqdarda dəmir, fosfor var. Ayrıca C, B və K vitamini baxımından da zəngindir, bir çox xəstəliklərin sağaldılmasında istifadə olunur və yüksək nəticə əldə edilir.

Çiyələk bədənə qüvvət verir. Xolesterolu azaldır və damar tıxanıqlığının qarşısını alır. Eyni zamanda çox yaxşı bir antioksidant olan çiyələk immunitet sistemini gücləndirir. Xərçəngə qarşı qoruyucudur. Həzm sisteminin yaxşı işləməsinə çox faydalıdır. Bağırsaq qurdlarını öldürür, qarın ağrıları zamanı yaxşı nəticə verir.

Çiyələyin bığcıqlarından, yarpaqlarından və meyvələrindən dəmlənmiş çaydan soyuq dəymədə, tərləmədə, sidikqovucu kimi, orqanizmin müqavimətinin artırılmasında, infeksiya xəstəlikləri zamanı istifadə edilir. Çiyələyin kökü böyrək ağrılarını aradan qaldırır və böyrək daşlarını əridir.

Bunun üçün çiyələk kökünü çayır kökü ilə qarışdırıb çay kimi dəmlədikdən sonra 15-20 gün müddətində gündə 2 stəkan içmək lazımdır.

Çiyələk meyvələri qanı durulaşdırmaqla bərabər ürəyin fəaliyyətini də artırır. Gündə 10-15 ədəd səhər- səhər çiyələk yeyildikdə insan orqanizmi üçün lazım olan C vitaminin 70-80%-ni təmin etmiş olur.

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir. Bu giləmeyvənin güclü iltihab və mikrob əleyhinə xüsusiyyətləri vardır ki, o, qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrində şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvədən geniş istifadə etməlidirlər. Bundan əlavə çiyələk qara ciyər üçün də çox xeyirlidir. Qanazlığı zamanı bu giləmeyvənin qəbul edilməsi qanın tərkibini yaxşılaşdırır. Müalicəyə çətinliklə tabe olunan ekzema xəstəliyi (dəri xəstəliyi) zamanı çiyələk yaxşı kömək edir, mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.

Digər meyvə və giləmeyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz. Bu halda mədədə qıcqırma prosesləri başlayır. Çiyələyi qida qəbulları arası yemək lazımdır.

Çiyələk əsasında hazırlanan müxtəlif üz maskaları qırışları hamarlayır, üz dərisini daha cavan və parlaq edir. Bundan əlavə çiyələk maskaları çillər və piqment ləkələri, civzələr ilə mübarizədə çox yaxşı effekt verir. Bu kimi bir çox qiymətli xüsusiyyətlərinə baxmayaraq, bəzi insanlara çiyələk zərər gətirə bilir. İlk növbədə bu allergiyadan əziyyət çəkən insanlara aiddir.

Diqqət: Güclü allergik xüsusiyyətlərinə malik olduğuna görə bu giləmeyvəni hamilə və uşaq əmizdirən qadınlar və balaca uşaqlar az istifadə etməlidirlər. Həmçinin mədə xorası və qastrit xəstəliyi olan insanlara da çiyələkdən istifadə etmələri məsləhət deyildir.

Loğman Bayramov

AMEA Naxçıvan Bölməsinin əməkdaş

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: