Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1974-cü ilin yanvarında rəsmi olaraq mayın 12-nin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar verilib. Dünyanın 141 ölkəsinin mərhəmətli peşə sahiblərini birləşdirən Tibb Bacılarının Beynəlxalq Məsləhət Şurası həmin günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edib.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.
İlk azərbaycanlı şəfqət bacısı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Nigar xanımın başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təşkilatçısı olub.
Onu da xatırlatmağa dəyər ki, hazırda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizədə tibbi bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak edirlər.