Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirusa qarşı vaksinin dünyada ədalətli bölünməməsini rüsvayçılıq adlandırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Baş direktor bunu Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bəyan edib.
Cənab Qebreyesus bildirib ki, vaksinin ədalətli bölünməməsi pandemiya ilə mübarizəni uzadır.
O, bu il koronavirusa yoluxma səviyyəsinin artıq 2020-ci ildəki səviyyəni keçdiyini bildirib.
ÜST rəhbəri dünyada pandemiya ilə bağlı vəziyyətin çox təhlükəli olaraq qaldığını deyib.
O qeyd edib ki, 23 maya olan məlumata görə, ÜST-ə 166 346 635 nəfərin koronavirusa yoluxduğu, 3 449 117 nəfərin öldüyü barədə informasiya daxil olub.