Baş pediatr: Uşaqlarda vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir
Bu ilin yaz və yay aylarında uşaqlar arasında vitamin çatışmazlığı, qidalanma problemləri və allergik xəstəliklərə daha çox rast gəlinir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev jurnalistlərə bildirib ki, ötən illər uşaqlar arasında tez-tez rastlaşdığımız çoxsaylı virus infeksiyalarının - adenoviruslar, qrip və paraqrip viruslarının törətdiyi xəstəliklər minimuma çatıb: "Bunun səbəbi koronavirusla əlaqədar, dünyada, o cümlədən ölkəmizdə sanitariya və gigiyena normalarına daha ciddi əməl edilməsidir. Tibbi maskalar və dezinfeksiya məhlullarından istifadə, eləcə də sosial məsafəni qorumaq təkcə koronavirusa deyil, digər virus infeksiyalarına yoluxma sayının da kəskin azalmasına səbəb olub".
Baş pediatr bildirib ki, valideynlər övladlarını mövsümi xəstəliklərdən qorumaq üçün onların qidalanmasına ciddi diqqət göstərməlidirlər: "Təəssüf ki, müəyyən səbəblərdən dolayı uşaqların qidalanmasına laqeyd yanaşanlar çoxdur. Valideynlər, daha sonra müəllimlər və səhiyyə işçiləri uşaqların sağlamlıqlarının qayğısına qalmalıdırlar. Məsələn, allergiyaya meyilli uşaqlarda allergiya əmələ gəlməmiş profilaktik tədbirlərin aparılması çox vacibdir. Sahə pediatrları xəstələrə müvafiq dərman preparatları verərək xəstəliyin baş qaldırmaması üçün əvvəlcədən fon yaradılmasına çalışmalıdırlar".
Ümumiyyətlə uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödəmləşməsi, burun və gözdə qaşınmadır. Pollinozlu xəstələr bəzən ard-arda 30-40 dəfə asqırırlar. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır. Beləliklə, ağacların tozlanması xüsusilə allergiyaya meyilli uşaqlarda narahatlıq yaradır. Baş pediatr məsləhət görür ki, xəstəliyin profilaktikası yazın əvvəllərində başlamalıdır ki, mayda ağacların çiçəkləndiyi vaxtda allergik vəziyyət yaranmasın.
Nəsib Quliyevin sözlərinə görə, yay fəslində uşaqların qida rasionunda meyvələr, giləmeyvələr və tərəvəzlərə üstünlük verilməlidir: "Çalışmaq lazımdır ki, uşaqların qidalarında köhnəlmiş yeməklərdən istifadə olunmasın, bütün qidalar təzə olsun. Yay mövsümünün üstün cəhətlərindən yararlanıb uşaqların qışa fiziki hazırlıqlarını təmin etmək lazımdır. Bunun üçün uşaqlara, mütəmadi olaraq, günəş və su vannası qəbul etdirmək lazımdır".