COVID-19-a qarşı peyvəndlərin qısa müddətdə istehsal olunduğu üçün təhlükəli olması fikri doğru deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir: "İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda COVID-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyatı orqanlar tərəfindən sürətlə təsdiqləndi.
Məlum məsələdir ki, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarıın üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır.
Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. İzah edim. Peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir".
COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyi barədə yayılan məlumatlara münasibət bildirən ekspert qeyd edib ki, bu məlumat yalandır: "Bu, tez-tez məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil.
COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirlər də əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair bir çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi".