Azərbaycanın Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.
Müşavirədə xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub. Bakı şəhərində şənliklər təşkil olunan obyektlərdə əksər hallarda qaydalara əməl olunmadığı qeyd edilib.
Bununla belə qonaqların sayına qoyulmuş məhdudiyyətin nəzərə alınmadığı, iştirak edən şəxslərin COVID pasportunun olmadığı, mərasimin vaxtının müəyyən olunmuş saatları keçdiyi, sanitar-epidemioloji normaların pozulduğu deyilib. Bildirilib ki, oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır.
Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur. Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırıb ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcəkdir.
Müşavirədə səslədirilən fikirlər ölkəmizdə yeni qapanmaların anonsu kimi qəbul edilib. İlk qapanmaların toy və digər kütləvi mərasimlərə şamil olunacağı təxmin olunur. Ancaq nəzərə alsaq ki, Məhərrəmliyin gəlişi ilə əlaqədar əyləcə və toy məramlərinin keçirilməməsi ənənəsi var, o zaman digər sahələrdə də yeni qapanmalar müzakirə mövzusu ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mövzu ilə bağlı jurnalistlərə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb. O, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin virusla bağlı müəyyənləşdirdiyi qaydaların olduğunu bildirib.
ATU dosenti virusla mübarizədə effektiv nəticə əldə edilməsi üçün Azərbaycanın digər regionlarında da eynilə Naxçıvan modelinin tətbiq edilməsini məsləhət bilib:
“Həmin qaydaların nəticəsində hazırda Naxçıvanda gündəlik yoluxma 10 nəfər, ölüm halları isə sıfır faizdir. Bəziləri virusla mübarizədə Azərbaycanda Belarus, bəziləri İsveç, bəziləri Britaniya modelinin tətbiq edilməsini təklif edir, amma mən düşünürəm ki, Naxçıvan modelini tətbiq etmək lazımdır.
Naxçıvan modelinin fərqi budur ki, qayda- qanunlara düzgün əməl edilir. Hesab edirəm ki, virusla mübarizə məsələsində bütün səlahiyyətlər Naxçıvanda virusla mübarizəyə cavabdeh olan orqanın tabeliyinə verilməli, həmin qaydalar burada tətbiq edilməlidir. Bundan başqa mən başqa çıxış yolu görmürəm. Naxçıvanda hansı mənzildə koronaviruslu xəstə oldusa, mübarizə aparmaq üçün həmin evin qarşısında post quruldu, mənzilə giriş- çıxış qadağan edildi”.
Ədalət Rüstəm bildirib ki, dünyada koronavirus epidemiyasına görə iki yerdə ölüm faizi sıfırdır:
“Bunlardan biri İsraildir, digəri Naxçıvan Muxtar Respublikasıdır. İsraildə gündəlik virusa yoluxma 10- 15 nəfər təşkil edir, ölüm faizi sıfır olur. Sözügedən ölkədə virus ona görə sıfırlanıb ki, orda ölkə əhalisinin 95% – i vaksinləşdirilib.
Naxçıvanda xəstəxanalarda isə 3-4 koronaviruslu xəstə müalicə alır. Gündəlik yoluxma da İsraildəki kimi 10 nəfər, ölüm faizi sıfıra bərabərdir”. Dosent, həmçinin əlavə edib ki, pandemiya şərtlərindən asılı olmayaraq toylar keçirilməlidir: “Başa düşə bilmirəm, kimsə evlənməməlidir?! Çimərliklər, digər yerlər də bağlanmamalıdır”.