NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada aparılan profilaktik tədbirlərin nəticəsində ölkəmizdə koronavirus infeksiyasına ən az yoluxma faktı da Naxçıvanda müşahidə olunur. Ötən dövrdə muxtar respublika üzrə 61 min 241 nəfər vaksin qəbul edib və bu işlər bu gün də davam etdirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə bu il fevralın 2-dən muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılır. Peyvəndə ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçiləri cəlb olunub. Ardınca digər əhali qruplarının peyvəndi mərhələli şəkildə davam etdirilir. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini əhalinin sağlamlığına hesablanıb.
Qeyd edək ki, birinci və ikinci vaksinasiyaya 48 min 232, birinci vaksinasiyaya isə 13 min 9 nəfər cəlb olunub. Ümumilikdə isə 61 min 241 nəfər vaksin qəbul edib. Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb və bu proses bu gün də əhali arasında davam etdirilir.
Adilə Səfərova