Hande Harmancı: Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 25 faizə qədəri vaksinin hər iki dozasını qəbul edib
Bir il yarımdır ki, dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası davam edir. İnsanlar pandemiyadan və onun qaydalarından yorulublar. Koronavirusdan qorunmaq üçün profilaktik tədbirlərdən olan maskanı da uzun müddət taxmaq asan deyil. Ona görə də insanlara açıq havada maska taxmamaq icazəsi verildiyi zaman onlar hər şeyin geridə qaldığını və maskaya tamamilə gərək olmadığını düşünə bilərlər. Lakin bu, belə deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
“Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı kifayət qədərdir. 18 yaşdan yuxarı əhalinin 25 faizə qədəri vaksinin hər iki dozasını qəbul edib. 3 milyondan çox insan isə bir doza vaksin vurdurub. Bu, çox önəmli bir nailiyyətdir. Hər gün vaksinasiyadan keçənlərin sayı 60-80 min arasında dəyişir. Lakin bilməliyik ki, peyvəndlər bizi COVID-19-u ağır keçirməkdən, xəstəxanaya yatmaqdan və ölümdən qoruyur. Koronavirusa yoluxsaq və xəstələnsək, onu başqalarına yoluxdurmaq riskimiz hələ də qalır. Məlumdur ki, peyvəndlər yoluxmadan 100 faiz qorumur. Odur ki, vaksinasiyadan sonra COVID-19-a yoluxsaq, bunu ya çox yüngül əlamətlərlə, ya da asimptomatik keçirə və ətrafdakılara yoluxdura bilərik. Bu səbəbdən peyvənd olunsaq belə, maska taxmalıyıq. Xüsusilə də qapalı məkanlarda və kütləvi toplanma yerlərində maska taxmaq məcburiyyətindəyik”, - deyə H.Harmancı qeyd edib.