Adətən, yay mövsümündə tez-tez günvurma hallarının artımı müşahidə olunur. Bu cür hallara uşaqlar, yaşlılar və xəstələrdə daha çox rast gəlinir.
Babək Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Vəliqulu Həsənovun verdiyi məlumata görə, havaların çox isti keçməsi ilə əlaqədar olaraq xəstəxanalara müraciət edənlərin sayı çoxalıb. O qeyd edir ki, açıq günəş altında uzun müddət qalmaq nəticəsində baş verən günvurma və istivurma orqanizmə təsir göstərir. Nəticədə, Günəş şüalarının təsiri ilə beynin qan damarları genişlənir, beynə qan axını artır, beynin qan dövranı pozulur və xəstələrdə baş ağrıları, başgicəllənmə, qusma, ishal, halsızlıq, huşun itməsi, qıcolmalar və başqa hallar meydana çıxır, burun qanaxmaları olur. İsti və qapalı yerdə çox qalmaq nəticəsində də istivurma baş verə bilər. Çox tərləmə nəticəsində orqanizmin susuzlaşması, qanın qatılaşması baş verir. Həmçinin Günəş şüalarının təsirindən dəridə I, II dərəcəli yanıqlar yaranır, qızartı və suluqlar, hətta nekroz əmələ gələ bilər. Bu cür hallarla rastlaşdıqda ilk yardım məqsədilə xəstələri kölgə və sərin yerə çıxarmaq, soyuq kompres qoymaq,sərin su, ayran içirmək, naşatır iylətmək və xəstəxanaya çatdırmaq lazımdır.
Günvurma və istivurma ürəkdamar xəstəliyi olan şəxslərdə bir sıra ağırlaşmalara səbəb ola bilər. Bu zaman ölüm halları da baş verə bilər. Günəş şüalarının gözə və dəriyə təsiri zobu olan xəstələrin də ağırlaşmasına səbəb olur. Bu şəxslərdə qanın qatılaşması, laxtalanmanın sürətlənməsi infarkta və insulta (beyinə qansızma) aparıb çıxara bilər. Ona görə həkim məsləhəti ilə dərman qəbul etmək lazımdır.
Həkimin sözlərinə görə, ilk yardım hər zaman mühüm rol oynayır. Vaxtında və düzgün aparılmış ilk yardım zərərçəkmişin həyatını xilas edə bilər. Günvurma qeydə alınarsa, zərərçəkmiş şəxsi üfüqi vəziyətdə, rahat şəraitdə uzatmalı, onu sıxan paltarlardan dərhal azad etməli, alnına soyuq su ilə isladılmış dəsmal qoymalı və bol maye verilməlidir.
Bundan əlavə, günvurmadan qorunmaq üçün başı və bədəni açıq uzun müddət Günəş altında dayanmamalı, papaq və dəsmalla başı örtməli, çətir və eynəkdən istifadə olunmalıdır.Ağ və açıq rəngdə pambıq parçadan tikilmiş geyimlərə üstünlük verilməlidir. Qara tünd rəngdə hava keçirməyən sintetik parçadan olan paltarlar geyinmək də orqanizmin qızmasına səbəb ola bilər. Ultrabənövşəyi şüaların qısa müddətli təsiri nə qədər əhəmiyyətlidirsə, uzun müddətli davamlı təsiri bir o qədər arzu olunmazdır. Belə ki, bir sıra dəri xəstəlikləri (keratoz-dərinin quruması və qalınlaşması, bəd xassəli törəmələr-karsinoma, bazalioma) törədə bilər. Dəridə baş verən təkrari Günəş yanıqları melanoma (dəri xərçənginin bir növüdür) üçün ciddi risk yarada bilər. Dərini günəş şüalarından qorumaq üçün düzgün geyinmək, qoruma faktoru 15 və yuxarı olan dəri kremlərindən istifadə etmək lazımdır.
Bir sıra dərmanlar var ki, onları qəbul edərkən, Günəş şüalarından qorunmaq lazımdır. Əks halda, dəridə yayılmışsəpkilər meydana çıxır ki, buna fotosensibilizasiya deyirlər. Həmçinin, yayda rəngli meyvələrdən və sitrus meyvələrindən çox istifadə olunmalı, bol maye qəbul edilməlidir. İsti sexlərdə işləyənlər, tarlada, bostanda çalışanlar bədənin susuzlaşmasının qarşısını almaq üçün ayran, çay, sərin içkilər qəbul etməlidirlər.
Günvurmadan qorunmaq onun fəsadlarını aradan qaldırmaqdan daha asandır. Buna görə də gəlin, verilən məsləhətlərə əməl edək.
"Şərqin səhəri" qəzeti