ÜST: koronavirusun “delta” variantı səbəbindən bu ilin ilk beş ayında dünyada 2020-ci ilə nisbətən daha çox COVID-19-a yoluxma halı aşkar edilib
Koronavirusla Mübarizə üzrə Qlobal Təşəbbüsünün təcili olaraq 7,7 milyard dollara ehtiyacı var. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ACT-Accelerator xətti ilə alınan vəsaitlər test imkanlarının genişləndirilməsi də daxil olmaqla, həmçinin tibb işçiləri üçün təhlükəsizlik vasitələrinin alınması üçün istifadə olunacaq.
Bu məbləğ, koronavirusun yeni – “delta” variantının dünyada yayılmasının qarşısının alınması üçün lazımdır. Koronavirusun məhz bu növü sürətlə dominantlıq təşkil etməyə başlayır. İş ondadır ki, bu variant daha əvvəl aşkar edilmiş koronavirus ştamlarından daha çox yoluxucudur.
Bu artan virulentliyə görə, təkcə bu ilin ilk beş ayında dünyada 2020-ci ilə nisbətən daha çox COVID-19-a yoluxma halı aşkar edilib. Üstəlik, getdikcə daha çox insan xəstəxanalara yerləşdirilir və bunun nəticəsində səhiyyə sisteminin işində pozulmalar baş verir, çarpayı və ağ ciyərlərin süni ventilyasiyası aparatlarının çatışmazlığı ilə üzləşirik.
Bir çox ölkələr, əsasən orta və aşağı gəlirli ölkələr, testləşmə və peyvəndolunma baxımından zəngin ölkələrdən xeyli geri qalır. Nəticədə, alimlərin ehtiyat etdikləri kimi, yoluxma hallarının artması və peyvəndlərə qarşı immunitet qazana biləcək virusun yeni növlərinin inkişafının şahidi oluruq.
ACT-Accelerator, bütün dünya üzrə koronavirusla mübarizə aparmaq məqsədi daşıyan qlobal tərəfdaşlıqdır. Onun iştirakçıları (aralarında bir sıra BMT sistemi təşkilatı, o cümlədən Dünya Bankı və ÜST var) beş əsas istiqamət üzrə işi sürətləndirmək üçün ən qısa zamanda 7,7 milyard dolların təqdim edilməsini xahiş edirlər.
Vəsaitlərin demək olar ki, üçdə biri, 2,4 milyard dollar, testləşmənin miqyasını bir qədər artırmaq üçün aşağı gəlirli ölkələrə göndəriləcək.
Bir milyard, elmi-tədqiqat işinin dəstəklənməsinə, həmçinin koronavirusa qarşı testlərin, peyvəndlərin və dərmanların istehsalı və paylanması bazarının inkişafına xərclənəcək. Bu, “delta” və digər meydana çıxan ştamlara qarşı mövcud müalicə üsullarının səmərəliliyini saxlamağa imkan verəcək.
Daha 1,2 milyard dollar son zamanlarda tələbatı kəskin artan tibbi oksigen istehsalının genişləndirilməsinə xərclənəcək. Oksigen virusun səbəb olduğu ağır ağciyər xəstəliyi olan insanların həyatının təmin edilməsi üçün vacibdir.
1,4 milyard dollar ölkələrə, mövcud olan bütün COVID-19-la mübarizə vasitələrinin effektiv istifadəsinə maneəçilik törədən səhiyyədə problemlərini müəyyən etməyə və həll etməyə kömək etmək üçün istifadə olunacaq.
Qalan 1,7 milyard dollar tibb işçiləri üçün fərdi təhlükəsizlik vasitələrin alınmasına sərf olunacaq. Çünki koronavirus infeksiyası ilə mübarizənin effektivliyi məhz tibb işçilərindən asılıdır. Buna görə də təşəbbüs iştirakçıları hesab edirlər ki, xəstəxana işçilərinin təhlükəsizliyinin təmin edilməsi son dərəcə vacibdir.
Beynəlxalq layihənin rəhbərləri dəqiqləşdiriblər ki, söhbət əlavə maliyyələşmədən getmir: 7,7 milyard dollar 2021-ci il üçün ACT-Accelerator büdcəsinin bir hissəsidir. Lakin bu vəsait ən qısa müddətdə təqdim edilməlidir: pandemiya ilə mübarizədə vaxtı itirmək olmaz.
ACT-Accelerator iştirakçıları, 2022-ci ilin ortalarında aşağı və orta gəlirli ölkələrə göndərilməsi üçün dördüncü rübdə koronavirus əleyhinə 760 milyon doza peyvəndin ehtiyatda saxlamaq imkanını da xatırladıblar.