Naxçıvanda məktəblilərə ilkin səhiyyə xidməti göstərən tibb bacıları üçün kurslar keçirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın rayonlarında fəaliyyət göstərən səhiyyə ocaqlarında çalışan, məktəb şagirdlərinə ilkin səhiyyə xidməti göstərən tibb bacıları üçün təşkil olunan kursların praktiki məşğələləri Naxçıvan Tibb Kollecində, nəzəriyyə hissəsi isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında keçirilir.
Kurslara ilkin mərhələdə 65 tibb bacısı cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında Poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərovun apardığı məşğələlərdə məktəblər üçün zəruri olan sağlamlıq jurnallarının tərtibatı, xüsusən dispanserizasiya, infeksion xəstəliklər, mantu jurnallarının hazırlanması, qeydiyyatı, icra müddətinin təmin edilməsi qaydaları əyani şəkildə izah edilib. Həmçinin məktəblərdə birinci sinifə başlayacaq şagirdlərin valideynləri tərəfindən tibbi arayışın təqdim edilməsi, şagirdlərin sağlamlığına görə dərsə davamiyyətinin tibb işçisinin nəzarəti altında olması və digər məsələlər təcrübə kurslarının əsas mövzuları sırasındadır.
Təcrübə kursları 18 gün davam edəcək.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq hazırda dövlət təhsil müəssisələrində, o cümlədən bütün məktəblərdə ilkin tibbi yardım xidməti təşkil olunub.
Mədinə Rəhimli