Həkim-infeksionist: Bütün allergiyalar vaksin üçün əks-göstəriş sayıla bilməz

A- A A+

Vətəndaşlar tərəfindən COVID-19 əleyhinə vaksinasiyaya müraciətlər artıb. Lakin bəzi vətəndaşlar vaksinasiyadan yayınmaq üçün müxtəlif tibb müəssisələrinə, peyvəndləmə məntəqələrinə illər öncə keçirilən, o cümlədən hazırda vaksinasiya üçün əks-göstəriş olmayan hər hansı bir xəstəliyə görə müraciət edirlər. Vətəndaşlar “Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” verilib-verilməməsinə dair qərar qəbul edilir. Qərarlar üç yöndə olur: vaksinasiya üçün əks-göstəriş yoxdur, vaksinasiya üçün müddətli əks-göstəriş var, vaksinasiya üçün müddətsiz əks-göstəriş var. Həmin əks-göstərişlər vaksinlərin istifadə təlimatında qeyd olunub. Əfsuslar olsun ki, bu kimi hallarda artım çoxdur. “Əks-göstəriş sertifikatı” almaq üçün müraciətlər arasında allergiya mövzusu xüsusi yer tutur. Bütün allergiyalar vaksin üçün əks-göstəriş sayıla bilməz. Sadəcə peyvənd komponentlərinə qarşı və ya daha öncə eyni vaksinin birinci dozasında yaşanan ciddi allergik reaksiya varsa, bu zaman əks-göstəriş yaranır və həmin şəxslər peyvəndlənmirlər. Dəridə müxtəlif səpkilər, allergik fon, yaz aylarına allergik rinit kimi xəstəliklər ən azından hazırda ölkədə istifadə olunan peyvəndlər üçün əks-göstəriş deyil.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

Həkim-infeksionist bildirib ki, hazırda günlük vaksinasiya sayını nəzərə alsaq, yaxın iki-üç ay ərzində hədəfimizə çatacağıq. Hədəfimiz minimal 70-80 faizə çatmaqdır: “Xəstəliyi keçirən və immunitet müddəti olan vətəndaşlar da var. Bunları nəzərə alsaq və vətəndaşlar vaksinasiya prosesinə bir az da aktiv qoşulsalar, yaxın aylarda hədəfimizə çatacağıq. Məqsəd 70-80 faizə çatmaqdır. Belə olan halda virusun sirkulyasiya spektrini azaldacağıq. Qalan 20 faiz arasında virus kütləvi yoluxmaya və pandemiyaya səbəb ola bilməz.

Hazırda pandemiyanın dördüncü dalğasını yaşayırıq. Digər dalğalardan fərqi yoluxma sürətinin həddindən artıq çox olmasıdır. Dinamik olaraq həmişə müşahidə etmişik ki, klassik koronavirus variantlarında rəqəmlər tədricən artır. Həftələr ərzində artımı görürük. Böyük ehtimal ki, “delta” ştamının sürətli yoluxdurma xüsusiyyətindən qaynaqlanaraq çox qısa müddət ərzində rəqəmlərin ikiqat artımı müşahidə edilir.

Pandemiyanın ilk vaxtlarına nisbətən hazırda vətəndaşlar qaydalara daha çox riayət edirlər. İlk vaxtlarda maarifləndirmə, təbliğat işləri aparıldı. Vətəndaşlara maska taxılması, sosial məsafə saxlanılması və əl gigiyenasının əhəmiyyəti başa salındı. Təbii ki, qaydalara əməl etməyənlər də az deyil. Lakin ümumilikdə baxdığımızda qaydalara riayətetmə əvvəlkindən qənaətbəxşdir”.

Mütəxəssisin sözlərinə görə, reanimasiyada olan vətəndaşların böyük əksəriyyəti natamam və ya heç peyvənd olunmayan vətəndaşlardır: “Vaksinasiya olunmuşların reanimasiyaya düşmə, xəstəliyi ağır keçirmə və ölüm ehtimalının çox az olduğu məqalə və araşdırmalarla sübut edilib. Azərbaycanda da statistik tədqiqatlar aparılır. Koronavirusa yoluxma sayının yeni artımı ilə paralel reanimasiyada yatan xəstələrin neçəsinin birinci doza vaksin vurdurduğu, ikinci doza peyvənd olunduğu, birinci və ikinci dozadan neçə gün sonra yoluxduğu haqqında məlumatlar toplanılır. Ötən ay 31 nəfərdə “delta” ştamı təsbit edilmişdi. Dünya ölkələrində həmin varianta bir neçə yoluxma halı qeydə alındıqdan sonra kütləvi şəkildə yoluxanların “delta” və ya klassik COVID olduğu araşdırılmır. Çünki həmin ştamın olması onun dominantlıq etməsi deməkdir.

Kütləvi immunitetin formalaşması üçün qalıcı immunitetdən bəhs etməliyik. Həmin virusa qarşı immunitet qalıcı deyil. Qrip dünya tarixindən 100 ildən çoxdur var və ona qarşı da kütləvi immunitet formalaşmayıb. Hər il demək olar ki, qrip oluruq. RNA viruslarına qarşı, qısamüddətli immunitet formalaşan viruslara qarşı kütləvi immunitet formalaşmır. Qısa müddət ərzində əhalinin böyük hissəsi vaksinasiya olunsa, epidemioloji zənciri qırma şansımız var.

Vətəndaşlara hər şeydən öncə öz sağlamlıqlarının keşiyində durmaları, qaydalara əməl eləmələri tövsiyə olunur. Qorunma tədbirlərini əldən verməsəniz, yoluxma şansınız praktiki olaraq yoxdur. Bir də mütləq şəkildə vaksinasiyada iştirak vacibdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: