Hazırda Azərbaycanda sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” ştamıdır. Virus infeksiyalarında mutasiyalar baş verdikdə infeksiya mövsümi xarakter daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, respublikada hazırkı epidemioloji vəziyyətə səbəb koronavirusun “delta” ştamıdır: “Lakin digər ştamlarla müqayisədə “delta” ilə yoluxma zamanı da xüsusi kliniki fərqlər müşahidə edilmir”.
Y.Qarayeva, həmçinin peyvəndlər barədə danışıb: “Azərbaycan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 növ peyvənddən istifadə edilir. Hər bir vaksin preparatının effektivliyi istehsalçı şirkətlərin həmin peyvəndləri Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim etdiyi vaxtdan məlumdur. Yəni, vaksinlərin səmərəliliyi ilə əlaqədar göstəricilər ictimaiyyətə məlumdur, bu rəqəmlər heç vaxt gizli saxlanılmayıb. Ümumiyyətlə tarixboyu istifadə edilən vaksinlərin heç birinin effektivliyi 100 faiz olmayıb. Əsas odur ki, bu gün COVID-19 əleyhinə vurulan peyvəndlərin effektivlik faizi ÜST tərəfindən qoyulan tələblərə uyğundur”.
Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “SinoVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.