Səhiyyə Nazirliyinin mütəxəssisi: Şəkərli diabet xəstələri COVID-19 əleyhinə peyvənd vurdurmalıdırlar
Yeni növ koronavirus (COVID-19) infeksiyasına xroniki xəstəliklərdən - xüsusən də təzyiq və şəkərli diabetdən əziyyət çəkənlərdə daha çox rast gəlinir. COVID-19 infeksiyasının əsasən yaşlılar və xroniki xəstəlikləri olanlarda daha ağır və ölümcül olduğu bildirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov şəkərli diabet zamanı COVID-19 riski, və diabet xəstələrinin koronavirus əleyhinə vaksinasiyası barədə sualları cavablandırıb.
- Şəkərli diabet COVID-19 riskini artırırmı?
- Suala dəqiq cavab vermək mümkün deyil, çünki bu mövzuda hələ ki, kifayət qədər araşdırma aparılmayıb. Lakin bütün infeksiyaların metabolik nəzarəti pozduğu məlumdur. Ona görə də qan şəkəri monitorinqi zəif olan diabet xəstələrində COVID-19 infeksiyasına yoluxma riski yüksək ola bilər.
Araşdırmalar göstərir ki, şəkərli diabetdən əziyyət çəkənlərdə riski təyin edən əsas amillər xəstənin yaşı, qan şəkərinin miqdarı və digər yanaşı xəstəlikləridir. Ona görə, koronavirus infeksiyasının nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləmək mümkündür.
- Bəs COVID-19 diabet riskini artırırmı?
- Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 infeksiyası da normal keçir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələrinin koronavirusa yoluxması daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir.
- Pandemiya zamanı diabet xəstələri nə etməlidir?
- Şəkərli diabet xəstələri təcili hal olmadığı təqdirdə, gündəlik şəkər müayinələrini təxirə salmalarını tövsiyə edirik. Xəstənin qan şəkərini daha tez-tez izləməsi, kifayət qədər maye içməsi və ümumi sağlam qidalanma tövsiyələrinə riayət etməsi çox vacibdir. Pandemiya dövründə xəstələrin əksəriyyəti pəhrizlərinə uyğun qidalanmadıqları üçün onlarda çəki artımı ilə yanaşı şəkər, xolesterol və təzyiqin yüksəlməsi də müşahidə edilir. Xəstələrə evdə və ya bağçada gündə ən azı 5 min addım atmağı tövsiyə edirik. Gəzinti həm qan şəkərinin tənzimlənməsini, həm də çəki nəzarətini və psixoloji sağlamlığı təmin edəcək. Onlar pandemiya zamanı dərman qəbulunu davam etdirməlidirlər.
- Şəkər xəstələri koronavirus əleyhinə vaksin vurdura bilər?
- Şəkərli diabet xəstələri COVID-19 əleyhinə peyvənd mütləq vurdurmalıdırlar. Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qaydalara uyğun davranmalı və vaksinasiyada iştirak etməliyik.