Naxçıvanda səhiyyə müəssisələrinin payız-qış mövsümü müzakirə olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda səhiyyə naziri Niyazi Novruzov muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verildiyini vurğulayıb.
Nazir qeyd edib ki, hazırda Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması, Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Dırnıs kənd həkim ambulatoriyalarının, Şərur rayonunun Dərvişlər, Babək rayonunun Göynük, Ordubad rayonunun Vələver kənd feldşer-mama məntəqələrinin, Darıdağ Arsenli Su Müalicəxanasının tikintisi isə davam etdirilir. Dezinfeksiya işlərini daha da yaxşılaşdırmaq məqsədilə 2-si Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və 7-si rayon şöbələrinə olmaqla gigiyena və epidemioloji xidmətə 9 avtomobil verilib.
Qeyd olunub ki, mövcud və yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. 2021-2022-ci ilin qış mövsümündə 82 tibb müəssisəsi fərdi, 130 müəssisə mərkəzi istilik sistemi, 5 müəssisə isə neft sobası ilə qızdırılacaq.
Niyazi Novruzov sertifikatı olmayan ocaqçıların qazanxana maşinisti kurslarına cəlb olunması, səhiyyə müəssisələrinə veriləcək yanacaq və mal-materialdan səmərəli istifadənin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməlidir. Səhiyyə maarifinə diqqət artırılmalı, əhali mövsümi xəstəliklərlə bağlı məlumatlandırılmalı, profilaktik tədbirlər görülməli, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işlərinin aparılması davam etdirilməli, tibbi avadanlıq və generatorların işlək vəziyyətdə olması diqqətdə saxlanılmalıdır.
İclasda səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva, nazirliyin Maliyyə-İqtisadiyyat şöbəsinin müdiri Asəf Musayev, Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov çıxış edərək muxtar respublikanın səhiyyə müəssisələrində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat veriblər.
Hafizə Əliyeva