Professor: “Mu” ştamının əsas klinik əlamətləri digər mutasiyaların simptomları ilə təxminən eynidir
Yeni növ koronavirus (COVID-19) infeksiyasının “mu” ştamı ilk dəfə 2021-ci ilin yanvarında aşkarlanıb. Hazırda “mu” ştamı ilə yoluxma bütün dünyada koronavirusa ümumi yoluxmanın cəmi 0,1 faizini təşkil edir. Deməli həmin ştam yüksək transmissiv xüsusiyyətə malik deyil. “Mu” variantının koronavirus infeksiyasının ana ştamından əsas fərqliliyi yalnız spayka (yapışan) zülalında olan bir neçə aminturşu dəyişikliyi və müvafiq nuklen əlavəsinin olmasıdır. “Mu” ştamının genom quruluşu ana ştamla müqayisədə yoluxduruculuq gücünün və patogenliyinin yüksək olmasına heç bir halda təminat verə bilməz. Bu haqda düşünmək belə absurddur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun “mu” ştamı barədə məlumat verərək bunları deyib.
O bildirib ki, dünya əhalisinin 20-60 faizinin peyvəndləndiyi halda koronavirusun özünü yaşatmaq üçün dözümlü mutant ştamlar yaratması fikri tamamilə əsassızdır: “Bu mutasiyalar simbioz yaşamağa xidmət edən, letallıq mutasiyasının nəticəsi kimi əmələ gəldiyinə görə peyvəndlərin ona təsiri ana ştama təsiri ilə müqayisədə daha güclü olmalıdır. İstənilən virus populyasiyasında olduğu kimi COVID-19-un da bu cür dəyişikliyə məruz qalması üçün ən azından 8-10 il vaxt lazımdır.
Professorun dediyinə görə, “mu” ştamının əsas klinik əlamətləri digər mutasiyalarla yoluxma zamanı müşahidə olunanlarla təxminən eynidir: “Temperaturun yüksəlməsi əksər xəstəlik və patoloji proseslərə, hətta günvurma və istivurmaya belə xasdır. Tutmaşəkilli öskürək yuxarı tənəffüs yollarının əksər virus, mikrob və allergik xəstəliklərinə xas olan əsas əlamətlərdəndir. Hətta siqareti tərgitdikdən sonra belə 8 və 18-ci aylarda, 3-4 gün davam edən çox güclü öskürək tutmaları baş verə bilər. Və yaxud bir sıra dərman maddələrinin mütəmadi qəbulu, tutmaşəkilli öskürəyə səbəb ola bilər. İybilmə və dadbilmə hissinin itməsinin isə15-ə qədər əsas səbəbi var”.
Professor, həmçinin koronavirusun “mu” ştamı haqqında yayılan yanlış fikirlərə də münasibət bildirib: “Hazırda dünyanın 40 ölkəsində təxminən 5 min nəfərin “mu” ştamına yoluxduğu deyilir. Yoluxanların əsasən 20 yaşına qədər gənclər olduğu, bəzilərinin isə 1-ci, hətta 2-ci doza vaksin vurdurduğu iddia olunur. “The Lancet Infectious Diseases” jurnalında dərc olunan məqaləyə görə, “mu” ştamının istər təbii, istərsə də vaksin fonunda formalaşan immunitetə qarşı daha dözümlü olması şübhə doğurmur. Həmin analoji yanaşma Science Direct və Journal of Medical Virology kimi nüfuzlu nəşrlərdə dərc olunmuş məqalədə də qeyd olunub. Yaponlar həmin ştamın xüsusən vaksinasiyadan sonra fəallaşdığını söyləyirlər. Rusiyanın və Qərbin bəzi alimləri bir az da irəli gedərək, “mu” mutantının əmələ gəlməsini bilavasitə kütləvi vaksinasiya ilə əlaqələndirirlər. Söyləyirlər ki, xüsusən vaksinasiya faizinin yüksək olduğu əhalinin sıx məskunlaşdığı yerlərdə, virus vaksinasiyaya adaptasiya olunaraq “mu” kimi daha aqressiv mutantların yaranmasına səbəb olur. Amerikanın baş infeksionisti Entoni Fauçi isə qeyd edir ki, guya bu ştamın elə mutasiyaları var ki, onlar anticisim müdafiəsindən yayına və orqanları daha çox zədələyə bilər. Genom quruluş dəyişikliyinin nəticəsi olaraq “mu” ştamına xas əsas klinik əlamətlərin yüksək temperatur, bir saatdan çox davam edən və ya 24 saat ərzində 3 dəfə güclü tutmaları olan fasiləsiz öskürək və iybilmə və ya dadbilmənin itməsi olduğu bildirilir. Mən isə iddia edirəm ki, bu söylənilənlərin heç biri elmi məntiqə istinad etmir”.