Naxçıvan Diaqnostika Müalicə Mərkəzində nadir cərrahi əməliyyat aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətidən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir neçə gün əvvəl Babək rayonunun Payız kəndindən olan 1964-cü il təvəllüdlü qadın sağ qabırğa altında ağrı, ürəkbulanma, halsızlıq və sarılıq şikayətləri ilə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsə müraciət edib. Həkim-cərrah Nazim İbrahimov tərəfindən aparılan abdominal ultrasonoqrafiya müayinəsindən sonra xəstənin öd kisəsində 1,8 millimetr ölçüdə daş aşkar olunub. Belə hallar tibbdə xəstələrin daxili öd yollarının genişlənməsi və patologiyası ilə yanaşı baş versə də, xəstədə belə hallara rast gəlinməyib. Üstəlik, qanın biokimyəvi analizində birləşmiş bilirubin normadan 6 dəfə çox olub. Burada əsas maraqlı məqam xəstənin sarılığına səbəb olacaq heç bir patologiyanın aşkar edilməməsi idi. Qan analizində mədəaltı vəzin şiş xəstəliklərində həssas sayılan onkomarkerin normadan iki dəfə çox olduğu da müşahidə edilib. Odur ki, xəstədə onkoloji problemin olma ehtimalı daha da artıb və cərrahiyyə əməliyyatına götürülməsinə qərar verilib. Öd kisəsi xaric edildikdən sonra ümumi öd axarında 1,5x1,0 santimetr ölçüdə insanlarda çox nadir rastlanan parazit növü olan qaraciyərsorucusu xaric edilib. Əməliyyat uğurla nəticələnib. Əməliyyatdan sonra xəstəyə parazit əleyhinə medikamentoz müalicə təyinatı verilib.

Qeyd edək ki, belə zoonotik parazitlər, əsasən, iri və xırdabuynuzlu heyvanlarda infeksiyaya səbəb olur. İnsanlar tərəvəzlərin qəbulu ilə əlaqəli olaraq parazitə təsadüfən yoluxa bilərlər. Belə xəstəliklər tibdə “obstruksion sarılıq” adlanır. Xəstəliyin qarşısının alınması və müalicəsi üçün hələlik hər hansı bir peyvənd və ya vaksin ixtira edilməyib. Obstruksion sarılıq ciddi xəstəlik olub, vaxt itirmədən cərrahi müdaxilə tələb edir. Bu kimi hallarda ERCP müayinəsinin xəstəliyin diaqnozunun qoyulmasında mühüm rolu vardır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: