Səhiyyə Nazirliyi hamilələrə peyvənd vurulmasına aydınlıq gətirib

167

"Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər. Eyni zamanda, COVID-19-da istisna deyil".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, ginekoloq cərrah Emin Haqverdiyev deyib.

Onun szölərinə görə, hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur: "Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır. 18 ölkədən 2 130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib".

O qeyd edib ki, xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir: "ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib. Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik".

Nazirlik rəsmisi eyni zamanda, hamilə qadınların məzh 12 həftədən sonra peyvənd olunmasına da aydınlıq gətirib: "Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır. COVID-19 peyvəndi sonsuzluğa səbəb olmur. COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur".

"Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır" - ginekoloq əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: