Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-la qlobal mübarizə üçün yeni büdcə tələb edir

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusla (COVID-19) qlobal mübarizədə lazımı avadanlıqların və dərman preparatlarının ehtiyacı olan ölkələrə çatdırılması üçün 23,4 milyard dollarlıq yeni büdcə tələb edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus ACT-Accelerator (COVID-19-un diaqnostikası, müalicəsi və vaksinlərə bərabər şəkildə əlçatanlılıq, vaksinlərin hazırlanması və istehsalı üzrə əməkdaşlıq proqramı) təşəbbüsünün yeni strategiyasını və büdcə planını açıqlayıb. O, son 2 ayda qlobal miqyasda COVID-19-a yoluxma və ölüm hallarının artdığını, bunun epidemiyanın hələ də davam etdiyinin göstəricisi olduğunu deyib.

Tedros Adhanom Gebreyesus bildirib ki, yüksək gəlirli ölkələrdə aşağı gəlirli dövlətlərlə müqayisədə əhali 80 dəfə çox testdən keçib və 30 dəfə çox peyvənd olunub. Əgər indiyədək tətbiq edilən 6,8 milyard doza peyvənd ədalətli şəkildə paylanılsa idi, dünyada hər ölkənin əhalisinin 40 faizi vaksinasiyadan keçərdi. Bu vaxtadək peyvəndlərə əlçatanlığı qeyri-kafi olduğu 144 ölkədə COVAX proqramı çərçivəsində 425 milyon doza vaksin paylanılıb.

“ACT-A üçün yeni büdcə planının bir hissəsi olaraq, qarşıdakı bir ildə COVID-19 ilə mübarizədə məqsədimizə çatmaq üçün 23,4 milyard dollarlıq büdcə tələb edirik. Oktyabrın 30-31-də Romada keçiriləcək G20 Liderlərinin Sammitində üzv dövlətləri ACT-A-ya tam dəstək verməyə və qlobal təhlükəsizliyi təmin etmək üçün iş planını hazırlamağa çağırıram”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: