Həkim-infeksionist: Yoluxmanın sürətlə artması buster doza ilə peyvəndləmənin tətbiqinin sürətləndirilməsini zəruri edir

A- A A+

Azərbaycanda digər ölkələrə nəzərən epidemik vəziyyət qənaətbəxş olsa da, koronavirusa sutkalıq yoluxma sayı 2 min nəfəri ötüb və bir müddətdir ki, azalma müşahidə edilmir. Bu vəziyyət COVID-19-la mübarizəni artırmağı, xüsusilə də buster doza ilə peyvəndləməyə əhəmiyyət verilməsini zəruri edir. Azərbaycanda ən geniş istifadə olunan "Coronovac" vaksininin effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu elmə artıq məlumdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 2 doza vaksin almış bir sıra vətəndaşlar 6 ayı artıq geridə qoyub. Belə olan halda, orqanizmdə olan spesifik immunitet zəifləyir və ya tamamilə itir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri həkim-infeksionist Nicat Əzimli deyib.

Həkim-mütəxəssis bildirib ki, bütün halları nəzərə alaraq, buster dozanın tətbiqinə üstünlük verilməlidir: “Xüsusilə risk qrupuna daxil olanların peyvənd olunması daha zəruridir. Ənənəvi olaraq ara məsafəni qorumalı, qapalı məkanlarda tibbi maska taxmalı və gigiyenik qaydalara riayət etməlidir. Bu, COVID-19-a qarşı ən effektiv mübarizə üsuludur”.

N.Əzimli, həmçinin koronavirusun AY.4.2 növü barədə məlumat verib: “Hazırda dünyada, həmçinin region ölkələrində COVID-19 infeksiyası ilə yoluxma halında kəskin artım müşahidə edilir. Buna mövsümlə əlaqədar olaraq, vətəndaşların qapalı məkanlarda daha çox vaxt keçirməsi, eyni zamanda, COVID -19 virusunun yeni mutasiyası, "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2-nin yayılması da təsir göstərir. Belə olan halda, yoluxmanın sürətlə artması daha intensiv vaksinasiyanı və buster dozanın tətbiqinin sürətləndirilməsini zəruri edir”.

Qeyd edək ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: