Yeni növ koronavirusla (COVID-19) mübarizə aparıldığı dövrdə mövsümi qripin yayılması vəziyyəti bir qədər də çətinləşdirir. Əlamətləri eyni olan həmin xəstəliklər əhali arasında təşviş yaradır.
Mütəxəssislər son vaxtlar sürətlə yayılan virusu superqrip adlandırırlar. Buna yoluxanların əksəriyyətində öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu duyğularının itməsi müşahidə olunur. Xəstəlik ilk olaraq qaymorit ağrısına bənzər halla özünü büruzə verir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-terapevt Nərgiz Kərimovanın dediyinə görə, həmin xəstəliyə yoluxanlar əsasən 14-44 yaş aralığında olanlardır: “İngiltərədə superqrip adlandırılan qrip virusu yayılıb. Ölkə alimləri xəstəni üç dəfə testdən keçirməklə mənfi nəticə əldə edəndən sonra onun COVID-19 deyil, superqrip olduğu aşkarlanıb. Xəstəliyin əlamətləri eyni olduğuna görə, onu ev şəraitində ayırd etmək çətindir. Buna görə mütləq həkimə müraciət edilməlidir. Yalnız testlər nəticəsində onun hansı virus olduğu aşkarlana bilər”.
Həkim-terapevt onu da əlavə edib ki, virus uşaqlara və yaşlılara daha ciddi təsir göstərir: “Xəstəliyin hansı virus olduğunu müəyyən etmədən evdə müalicələrə başlanılması ağırlaşmalara aparıb çıxara bilər. COVID-19-la müqayisədə bu virus daha az ağırlaşmalara səbəb olur, ancaq bu, heç də həkimə müraciəti ləngitməyə əsas vermir. Hər bir virus xəstəliyinin ağırlaşmaları olduğu kimi superqripin də ağırlaşmaları ola bilər”.
Superqriplə bağlı problemlərdən biri də yüksək dərəcədə yoluxucu olmasıdır. Hava-damcı yolu ilə yayılan xəstəliklərdən qorunmağın ən yaxşı yolu gigiyenik qaydalara əməl etməkdir. Həm superqripdən, həm də COVID-19-dan qorunmaq üçün əsas vacib şərtlərdən biri də immun sisteminin möhkəm saxlanılmasıdır.