Virus infeksiyasından sağalan uşağın hərarəti 35-dən aşağı olarsa mütəxəssis müayinəsi lazımdır

A- A A+

Uşaq yoluxduğu hansısa virus infeksiyasından sağaldıqdan sonra zəif görünür, yaxşı yemir, gecələr ağlayır və ya narahat olur, üstəlik bədən temperaturu 35-dirsə, bu, hipotermk sindrom adlanır. Hipertermik sindrom (hərarətin yüksəlməsi) uşağı necə narahat edirsə, hipotermik sindrom (hərarətin düşməsi) da eyni dərəcədə narahat edəcək. Fərq ondadır ki, hərarət düşdüyü zaman bədən soyuq olur və biz onu isitməyə çalışırıq. Hərarəti normadan aşağı düşən uşaq üşüyür və çox zaman bunu ağlamaqla bildirir. Onun bədəni soyuyur, dəri rəngi avazıyır, nitqi aydın olmur və baxışı donuq görünür. Bu əlamətlər qıcolmaya bənzəsə də, qıcolma deyil.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, bədəni isitmək üçün ən yaxşı yol dəri-dəriyə təmasdır: “Körpə bədəni ilə təmas üçün ana qucağı yetərli olur. Daha yuxarı yaş qrupuna aid uşaqları isə isti adyala bükmək, ayaqlarına ya istiqac, ya da isti su doldurulmuş plastik butulka qoymaq, bədəni kamfora yağı ilə ovuşdurmaq lazımdır. Yeri gəlmişkən qeyd edim ki, uşaqların bədənini araq ya spirtlə ovuşdurmaq olmaz. Bu zaman damarlar genişlənir, əllə toxunduqda isinmə hiss edirik, amma əslində isə bədənin bütün istiliyi xaric olunur. Ona görə də bu üsul yalnız hərarət yüksək olan zaman faydalıdır. Bədən temperaturu yüksək olduqda isə kamfora yağı istifadə edilə bilməz. Çünki kamfora yağı tədricən təsir edir və neyroreseptorları qıcıqlandıraraq bədənin tonusunu qaldırır. Uşağa isti maye içirtməyi də unutmuruq, hərarəti 35-dən aşağı olarsa, mütləq təcili yardım xidmətinə müraciət etmək lazımdır”.

A.İsmayılzadənin dediyinə görə, yuxu zamanı bədən hərarətinin normadan bir dərəcə enərək 35,6 olması normal haldır: “Ona görə, yatarkən üstümüzü örtmək ehtiyacı duyuruq. Amma bu, körpələrdə metabolizm sürətli olduğundan baş vermir və onlar üstlərinə örtülmüş adyalı biixtiyar olaraq açırlar. Hərarətli virus infeksiyası günlərindən sonra baş verən bu cür hallar sürpriz deyil. Çünki hərarət tənzimləyən mərkəz virus toksininə görə günlərlə güclü iş rejimində olur və sonda sanki iş pozulur. Uşağa eyni vaxtda verilən müxtəlif hərarətsalıcılar da buna təsir göstərən mühüm amillərdəndir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: