Həkim-infeksionist: COVID-19-a yoluxma sayını məhz vaksinasiya nəticəsində 2 min civarında saxlamaq mümkün olub

A- A A+

Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesinə bu il yanvarın 18-də başlanılıb. Ölkədə peyvəndləmə könüllüdür, lakin əhalinin sağlamlığının qorunması naminə onların peyvəndlənməsi vacibdir. Hətta iki doza vaksin vurdurmuş və ya xəstələnərək immunitet qazanmış vətəndaşların orqanizmində koronavirusa qarşı olan anticisimlərin bir müddət sonra zəiflədiyini nəzərə alaraq “buster” doza ilə də peyvəndlənmələri tövsiyə edilir. “İmmun sertifikatı”nın vaxtı bitdikdən sonra 56 gün müddətində vurulan peyvənd “buster” doza hesab edilir. Ümumiyyətlə immun qoruyuculuğu bitənə yaxın vaxtda qəbul edilən vaksin dozası “buster”, yəni qüvvətləndirici doza adlandırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri COVID-19 əleyhinə vaksinasiyanın, xüsusilə də “buster” doza ilə peyvəndlənmənin əhəmiyyətindən danışan həkim-infeksionist Natiq Əliyev deyib.

Həkim-mütəxəssis bildirib ki, “İmmun sertifikatı”nın vaxtı bitkindən sonra 56 gün müddətində deyil, daha gec vurulan peyvəndlər revaksinasiya sayılır: “Vətəndaş revaksinasiya zamanı da iki doza vaksin vurdurmalıdır. Həmin dozalar arasındakı fərq birinci vaksinasiayada olduğu kimi, minimum 28, maksimum 56 gün olmalıdır”.

“Son günlər koronavirusa yoluxma dinamikası 1000-2000 arasında dəyişir. Bu göstərici hər nə qədər çox görünsə də, bir sıra faktorlar nəzərə alınmalıdır. Unutmamalıyıq ki, hazırda vətəndaşlar üçün, bir məhdudiyyət tətbiq edilmir. Bütün ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri, ali və orta məktəblər, iş yerləri, bir sözlə, hər yer açıqdır. Doğrudur, vətəndaşların qapalı məkanlarda tibbi maskadan istifadəsi məcburidir, lakin həmin maskalardan istifadə zamanı gigiyenik qaydalara nə dərəcədə əməl olunduğunu da tam bəlli deyil. Bütün bu faktorları nəzərə alaraq vaksinasiyanın əhəmiyyətli olduğunu əminliklə demək mümkündür. Məhz vaksinasiya nəticəsində infeksiyaya yoluxma sayını 1000-2000 civarında saxlamaq mümkün olub. COVID-19 əleyhinə vaksinasiyanın iki mərhələsində iştirak edənlər, həmçinin “buster” doza ilə peyvəndlənənlər yoluxduqları halda xəstəliyi yüngül keçirirlər. Vaksin vurdurmayanların isə digərləri ilə müqayisədə xəstəliyə daha tez yoluxmaq və infeksiyanı ağır keçirmək ehtimalı çoxdur. Bu amillər “buster” doza ilə peyvəndləməni zəruri edir. Xüsusilə risk qrupuna daxil olan vətəndaşların, misal üçün yaşı 65-dən yuxarı olanlar, tibb işçiləri, bank işçiləri, insan resursları sektorunda çalışaraq kütləvi əhali ilə iş aparanların “buster” doza vurdurması tövsiyə edilir. Ümumiyyətlə ehtiyac olduğu halda koronavirus əleyhinə vaksinasiya olunmaq üçün hədəf qrupuna aid olan hər kəs qüvvətləndirici doza vurdura bilərlər. Nəzərə almaq lazımdır ki, vətəndaşlar peyvəndləmə nəticəsində həm özlərini, həm də ətraflarını qorumuş olurlar”,- deyə N.Əliyev qeyd edib.

Xatırladaq ki, Azərbaycanda COVID-19 infeksiyasına son sutkada 1774 yoluxma faktı qeydə alınıb, 2365 nəfər müalicə olunaraq sağalıb.

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 983 min 606, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 7 min 657, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 454 min 456 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 521 min 493 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: