Vaksinasiya nəticəsində orqanizmdə infeksiya əleyhinə anticisimlər yaranır. Ümumiyyətlə orqanizmdə hansısa virusa qarşı anticisimlər ya peyvəndləmə, ya da xəstəliyə yoluxma nəticəsində baş verir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya iki mərhələdən ibarətdir. Lakin risk qrupuna daxil olan şəxslərin “buster”, yəni qüvvətləndirici doza ilə peyvəndlənməsi də məsləhətdir. “Buster” dozanın əsas məqsədi orqanizmdə koronavirus əleyhinə yaranmış anticisim sintezini sürətləndirməkdir. Qüvvətləndirici doza qanda anticisimlərin yüksək səviyyədə qalmasına təminat verir. Belə olan halda infeksiya ilə yoluxma ehtimalı azalır. “Buster” doza xüsusilə xəstələnən zaman xəstəni kəskin ağırlaşmalardan qoruyur. Ona görə də risk qrupuna daxil olan vətəndaşların koronavirus əleyhinə “buster” doza vurdurması mütəxəssislər tərəfindən tövsiyə edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə COVID-19 virusu əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə danışarkən deyib.
Həkim-infeksionist bildirib ki, COVID-19 infeksiyasının risk qrupuna tibb işçiləri və ümumən kütləvi ictimai məkanlarda işləyənlər, yaşı 65-dən yuxarı olanlar, xroniki və ciddi yanaşı xəstəliklərdən əziyyət çəkənlər aiddir: “Yaşının az olmasına baxmayaraq, yanaşı xəstəlikləri olan vətəndaşlar da “buster” doza ilə peyvəndlənə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, “buster” doza vurdurmaq üçün mütəxəssis müayinəsindən keçmək lazımdır. Özümüzü və ətrafımızı qorumaq üçün vaksinasiyada aktiv iştirak etmək vacib şərtdir. Yalnız əhali arasında kütləvi immunitet formalaşdığı halda epidemioloji vəziyyət düzələ bilər”.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 92 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 22 min 350, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 614 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 589 min 459 nəfər təşkil edir.