Ana olmağa hazırlaşan qadınlar hamiləliyin 12-ci həftəsində yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurdura bilərlər. Ana südündən körpəyə COVID-19 xəstəliyi keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsilə ötürülə bilər. Ona görə də COVID-19 infeksiyasına yoluxan analar körpələrinə süd verərkən tibbi maskadan istifadə etməli və gigiyena qaydalarına ciddi əməl etməlidirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri mama-ginekoloq Nərmin Muradova deyib.
Həkim-mütəxəssis bildirib ki, ana bətnində olan körpələrdə COVID-19-a yoluxma faktı aşkar edilməyib: “Bir müddət sonra uşaqda COVID-19 virusunun aşkarlanması doğuş sonrası kontaktla əlaqələndirilir. Hamilə qadınlarda immunitet daha aşağı olduğu üçün onların COVID-19-a yoluxma riski daha çoxdur. Ona görə də hamilələrin immunitetinin gücləndirilməsi və vaxtında peyvənd olunması tövsiyə edilir. Koronavirusa yoluxmuş hamilələrin müalicəsi digər xəstələrdə olduğu kimi aparılır və effektiv olur. COVID-19 əleyhinə peyvənd olunanlar həm özlərini, həm də bətnlərindəki körpələrini qorumuş olurlar. Bu, həmçinin süd verən analara da şamil edilir. Ana hətta peyvənd vurdurduğu gün belə körpəsinə süd verə bilər. Dünyanın əksər ölkələrində hamilə qadınların və süd verən anaların peyvənd olunduğunun şahidiyik”.