Şərur, Ordubad və Kəngərli rayonlarının uşaq və yeniyetmələri arasında mantu sınağı aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən noyabrın 15-dən uşaq və yeniyetmələr arasında kütləvi tuberkulin diaqnostikasına başlanılıb. Qrafik əsasında Şərur, Ordubad və Kəngərli rayonlarında mantu sınağı aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 1-6-cı sinif şagirdləri arasında həyata keçirilən mantu sınağı növbəti dəfə Şərur rayonundakı Mahmudkənd tam orta məktəbində aparılıb. Məktəbin 1-6-cı sinif şagirdləri arasında aparılan müayinə 194 uşağı əhatə edib. Eləcə də Kəngərli rayonunun Qıvraq, Xok və Qarabağlar kənd tam orta məktəblərində aparılan tibbi yoxlamalara, ümumilikdə, 957 uşaq cəlb olunub.
Tuberkulin diaqnostikasının daha bir ünvanı Ordubad rayonunun Dəstə kənd tam orta məktəbi olub. Sözügedən təhsil ocağından isə 230 uşaq mantu sınağına cəlb olunub.
Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndiriləcək və Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə bu barədə məlumat veriləcək. Nəticələr qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlara rast gəlinərsə, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin fitiziatr müayinəsinə, eləcə də ehtiyac olduğu halda müalicəyə cəlb olunacaqlar.
Qeyd edək ki, hər il şagirdlərinin tibbi yoxlamalardan keçirilməsi, başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlb edilməsi də bu amala xidmət edir.Uşaq və yeniyetmələr arasında kütləvi tuberkulin diaqnostikası dekabrın 15-dək davam etdiriləcək.
Hafizə Əliyeva