Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Ölkəmizdə QİÇS xəstəsi ilk dəfə 1987-ci ildə qeydə alınıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 8 min 395 xəstə qeydiyyata alınıb. Onlardan 2 min 481 nəfərini QİÇS-lə xəstələnənlər təşkil edir. Ötən il 547 xəstə ilk dəfə olaraq İİV xəstəsi kimi qeydiyyata düşüb.