ÜST rəhbəri: Bayramlar dövründə fəal sosial ünsiyyət koronavirusa yoluxmaların sayının artmasına gətirib çıxaracaq
Koronavirus pandemiyası can almaqda davam edir. Hazırda hər həftə təqribən 50 min nəfər bu xəstəliyin qurbanı olur.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bunu Cenevrədə keçirdiyi brifinqdə elan edib. Baş direktor “omikron” ştamının sürətlə yayılmasını xatırladıb və tezliklə yas məclislərinə toplaşmamaq üçün bayram şənliklərini təxirə salmağa çağırıb.
Doktor Qebreyesus deyib: “Ötən il iyul ayında bizim son görüşümüzdə heç kəs güman edə bilməzdi ki, təqribən 18 ay keçəndən sonra biz hələ də pandemiya məngənəsində olacağıq. Bu il COVID-19 səbəbindən 3,3 milyondan çox insan həlak olub. Bu, 2020-ci ildə birlikdə götürülmüş İHV, malyariya və vərəm xəstəlikləri səbəbindən ölənlərin sayından çoxdur. Üstəlik, qeydiyyata alınmamış ölüm halları, tibbi yardım göstərilməsində problemlərlə bağlı milyonlarla ölüm baş verməsi də sirr deyil”.
Onun sözlərinə görə, hazırda Afrikada infeksiyaların daha kəskin artması müşahidə olunur. Bu, əsasən “omikron” virusu ilə bağlıdır. Cəmi bir ay bundan əvvəl Afrikada son 18 ayda ölüm hallarının ən aşağı səviyyədə olması qeydə alınmışdı, ötən həftə isə bu qitə bir həftə ərzində xəstələnənlərin sayına görə dünyada dördüncü yerdə olub.
“Biz hamımız vaxtımızı öz dostlarımız və ailəmizlə bir yerdə keçirmək istəyirik. Biz hamımız normal həyata qayıtmaq istəyirik”, - deyən Qebreyesus vurğulayıb,- “Lakin belə tədbirləri keçirmək imkanından məhrum olmaq həyatını itirməkdən yaxşıdır. İndi bayram edib sonra dərd çəkməkdənsə, bayramı indi təxirə salmaq və onu sonradan qeyd etmək yaxşı olar”.
ÜST-nin baş direktoru daha sonra deyib: “2022-ci il pandemiyanın başa çatması ili olmalıdır. Lakin bundan ötrü bütün ölkələr belə genişmiqyaslı fəlakətlərin qarşısını almaq və davamlı inkişaf sahəsində hədəflərə nail olmaq üçün səylərini artırmalıdır”.