NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqinin əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin daha da artırdığını bildirib.
Ali Məclisin Sədri qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2021-ci ildə muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan istifadə edib.
Ötən dövrdə muxtar respublikada əhalinin sağlamlığının etibarlı təmin olunması məqsədilə tədbirlər həyata keçirildiyini deyən Ali Məclisin Sədri bildirib: “Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarının Gigiyena və Epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili təqdim olunub, Şərur rayonunun Çərçiboğan kəndində həkim ambulatoriyasının tikintisi davam etdirilib”.