Səhiyyə Nazirliyi son zamanlar Azərbaycanda insanlar arasında kütləvi virusun yayılmasının səbəblərini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov jurnalistlərə bildirib ki, hazırda həm uşaqlar, həm də böyüklər arasında yüksək hərarət və digər oxşar əlamətlərlə özünü büruzə verən respirator virus infeksiyaları yayılıb.
“Əhali arasında kütləvilik təşkil edən xəstəlik mövsümi xarakter daşıyan kəskin respirator virus infeksiyalarıdır. Bu viruslar da adətən soyuq aylarda alovlanır və say artır. Hər il, demək olar, eyni mənzərə müşahidə edilir və bu il də istisna deyil”, - o vurğulayıb.
Nazirlik rəsmisi bildirib ki, əvvəlki illərlə müqayisədə indi rəqəmlərdə artım var: “Buna səbəb əvvəlki illərdə pandemiyaya görə bir sıra qapanmaların olmasıdır. Hazırda isə bir çox qadağalar aradan qaldırılıb. Bunu nəzərə alsaq, hazırda ölkədə mövsümi virusa yoluxma səviyyəsi əvvəlki illərdə qeydə alınan göstəricilərlə eyni səviyyədədir. Yəni indiki kütləvi xəstələnmə mövsümi xarakter daşıyır. Hesab edirəm ki, müəyyən vaxtdan sonra belə xəstələrin sayı azalacaq”.
Mütəxəssis, eyni zamanda əhaliyə müraciət edib: “Əgər insanlarda yüksək hərarət, baş ağrısı, burun axması, öskürək və s. kimi əlamələtlər olsa, ilk növbədə özlərini təcrid etsinlər və başqa şəxslərlə mümkün qədər təmasları azaltsınlar. İmkan daxilində ayrı otaqda qalmaq lazımdır və digər ailə üzvləri ilə təmas kəsilməlidir. Virusa yoluxan şəxsin özü və ailə üzvləri maska taxmalı, sonra həkimə müraciət etməlidirlər. Lazım gələrsə, ondan koronavirus əleyhinə test götürə bilər. Məktəbə və ya bağçaya gedən uşağı olan valideynlər daha diqqətli olmalıdır. Əgər kiminsə övladının səhhətində narahatlıq yaranıbsa, onu məktəbə və ya bağçaya göndərmək olmaz. Çünki məktəbyaşlı uşaqlar bu cür infeksiyaların kütləvi yayılmasına səbəb ola bilər”.