Dünyada yoluxma hallarının sayı 315 milyonu ötüb

A- A A+

Dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 315 milyonu, ölüm hallarının sayı isə 5,51milyonu ötüb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında deyilir.

Pandemiya başlayandan bəri antirekord yanvarın 12-də qeydə alınıb, həmin vaxt 24 saat ərzində 3 395 785 yoluxma halı aşkar edilmişdi. ÜST-nin statistikası dövlətlər tərəfindən təqdim edilən yoluxma və ölüm halları barədə yalnız rəsmi təsdiq edilmiş məlumatlar əsasında toplanır. Yoluxma hallarında 300 milyonluq hədd cari il yanvarın 8-də, 250 milyonluq – ötən il noyabrın 9-da, 200 milyonluq hədd isə avqustun 5-də qeydə alınmışdı.

Məlumatları ÜST-yə daxil olan ən çox təsdiq edilmiş yoluxma halı - 62 126 362 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan (36 317 927), Braziliya (22 629 40), Böyük Britaniya (14 862 142) və Fransa (12 604 364) yer alıblar. Ən çox ölüm halı - 836 482 ABŞ-da qeydə alınıb, ikinci yerdə Braziliya (620 238), üçüncü yerdə isə Hindistan (485 035) qərarlaşıb. Daha sonra Rusiya (319 172) və Meksika (300 574) yer alıblar

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, yoluxma hallarında indiki kəskin artım, demək olar ki, bütün ölkələrdə “delta” variantını tez bir zamanda əvəz edən koronavirusun “omikron” variantı ilə stimullaşdırılır. ÜST-nin fövqəladə hallar üzrə komitəsinin iclasında çıxış edərək, o qeyd edib ki, vaksinlərin, terapevtik və diaqnostik vasitələrin qeyri-bərabər paylanmasına son qoyulması pandemiya üzərində qalibiyyət üçün əsas əhəmiyyət kəsb edir. ÜST rəhbəri xatırladıb ki, hazırda dünyada koronavirus əleyhinə 9,4 milyarddan çox peyvənd vurulub. Eyni zamanda 90 ölkə əhalisinin 40 faizlik, 36 ölkə isə 10 faizlik vaksinasiya ilə əhatə olunmasına hələ də nail olmayıb. “Biz bu boşluqların aradan qaldırılması üzərində birgə işləməsək, pandemiyanın ağır mərhələsinin başa çatmasına nail ola bilməyəcəyik”, - deyə Baş direktor bildirib.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına 623 min 555 yoluxma halı qeydə alınıb, 8 min 490 nəfər həyatını itirib. Koronavirus əleyhinə 11 milyon 592 min 507 peyvənd tətbiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: