Ötən il muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan yararlanıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2021-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib. İclasda nazir Niyazi Novruzov bildirib ki, ötən il muxtar respublikada səhiyyə xidmətinin əhatə dairəsi genişləndirilib, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarında gigiyena və epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilib. Muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili təqdim olunub. Bundan başqa dezinfeksiya işlərinin daha da yaxşılaşdırılması üçün gigiyena və epidemiyoloji xidmətə 9 maşın verilib, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilib.
Diqqətə çatdırılıb ki, icbari tibbi sığortanın tətbiqi əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da artırıb. Ötən il Cəhri və Nehrəm qəsəbə, eləcə də Aralıq kənd sahə xəstəxanalarında da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2021-ci ildə muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan yararlanıb.
Qeyd olunub ki, uşaqların sağlamlığının qorunması sahəsində də işlərin həcmi və keyfiyyəti artıb. “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində uşaq ölümləri azalıb. Həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, Şərur və Ordubad rayon uşaq xəstəxanalarının yaradılması, müasir avadanlıqlarla təchiz edilməsi bu Dövlət Proqramının icrası istiqamətində görülən işlərdəndir.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya, dezinseksiya və digər tədbirlər intensiv olaraq davam etdirilib. Hepatit B və C virus infeksiyaları, COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə əks-epidemik işlər görülüb, peyvəndləmə işi daima nəzarətdə saxlanılır. Bunun nəticəsidir ki, ölkəmizdə koronavirusa yoluxma üzrə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb.
Niyazi Novruzov səhiyyə turizmi də diqqətdə saxlanıldığını qeyd edərək bidlirib ki, Azərbaycanın digər rayonlarından gələn məhdud fiziki imkanlı şəxslərin sanator müalicə alması üçün Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinə göndərişi davam etdirilib.
Nazir qeyd edib ki, müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artmasına və eləcə də demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Belə ki, 2021-ci ildə 4 min 14 uşaq doğulub.
Sonra məruzə ətrafında çıxışlar olub. Səhiyyə nazirinin müavinləri Samrat Gəncəyevanın, Zeynəb Mənsimova, Nazirliyin sektor müdiri Kəmalə Həsənovanın, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə Quliyevanın, Ümumi işlər sektorunun müdiri Sərxan Əkbərovun çıxışları dinlənilib.
İclasda Süleyman Cəfərovun “Daxili xəstəliklər” dərs vəsaitinin birinci cildinin əhəmiyyəti nəzərə alınaraq nəşrinə razılıq verilib.
Sonda nazirliyin 2022-ci il üçün iş planı qəbul edilib.
Mədinə Rəhimli