İnfeksion xəstəliklərin mikrobiologiyası və epidemiologiyası sahəsində ekspert və Almaniyanın Olimpiya İdman Konfederasiyasının məsləhətçisi Barbara Hertner hesab edir ki, koronavirusun “omikron” ştamı pandemiyanın “sonunun başlanğıcı” ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Barbara Hertner bunu DPA agentliyinə müsahibəsində deyib. Virusoloq əvvəlcə ağır keçən xəstəliyin zaman ötdükcə daha az təhlükəli olduğunu, lakin daha sürətlə yayıldığını qeyd edib. Onun sözlərinə görə, bütün bunlar digər pandemiyalar haqqında məlum olan faktlara uyğundur və bu kontekstdə 2023-cü ilin əvvəlində pandemiya sona çata bilər.
2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. İndiyədək dünyada COVID-19 virusuna yoluxanların sayı 352 milyon 323 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 615 min nəfərə çatıb, 279 milyon 973 min nəfər isə sağalıb.