ÜST: COVID-19 ilə bağlı yığılan tonlarla tibbi tullantı onların utilizasiyası sistemini təkmilləşdirməyin çox vacib olduğunu göstərir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri koronavirus pandemiyası şəraitində tibbi tullantının həcminin kəskin artması problemini həll etməyə çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ÜST-nin saytında dərc olunan məruzədə söhbət insanların sağlamlığını və ətraf mühiti təhlükə altında qoyan 10 minlərlə ton istifadə olunmuş fərdi qoruyucu vasitələrdən, test və şprislərdən gedir.
“COVID-19 pandemiyasına reaksiya nəticəsində əmələ gələn on minlərlə ton əlavə tibbi tullantılar səhiyyə sahəsində tullantılara nəzarət sistemləri üçün böyük gərginlik yaradaraq, insanların sağlamlığını və ətraf mühiti təhlükə altına qoyub”, - deyə ÜST-də qeyd ediblər.
Təşkilatın məlumatına görə, 2020-ci ilin martından 2021-ci ilin noyabrınadək dünyada təqribən 87 min ton fərdi qoruyucu vasitələr istifadə olunub ki, onların tədarükü “BMT-nin fövqəladə təşəbbüsü” çərçivəsində həyata keçirilib. Bu rəqəm başqa kanallarla tədarükü, həmçinin əhali tərəfindən qoruyucu maskalardan istifadə nəticəsində yaranan tullantının həcmini hesaba almır. Məruzəyə əsasən, hazırkı dövrdə dünyada koronavirus əleyhinə 140 milyondan çox test aparılıb və bu da 2,6 min ton tullantının, xüsusən də plastik kütlə halında, həmçinin 731 min litr maye şəklində kimyəvi tullantının yaranmasına səbəb olub. Bundan başqa, COVID-19 əleyhinə 8 milyard dozadan çox vaksinin tətbiqi nəticəsində dünyada şpris, iynə və qablaşdırıcı material şəklində 144 ton əlavə tullantı əmələ gəlib.
ÜST-nin fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan məruzənin nəşri ilə bağlı deyib: “Səhiyyə işçilərini lazımi fərdi qoruyucu vasitələrlə mütləq təmin etmək lazımdır. Lakin bu vasitələrdən təhlükəsiz, ətraf mühitə təsiri olmadan istifadə edilməsinə zəmanət vermək olduqca vacibdir”. Öz növbəsində, ÜST-nin ətraf mühit və sağlamlıq məsələləri üzrə departamentinin direktoru Mariya Neyra qeyd edib ki, bütün səviyyələrdə - dünya səviyyəsindən tutmuş ayrı-ayrı xəstəxanalaradək tibbi tullantılar sahəsinin idarə edilməsində əhəmiyyətli dəyişikliklər vacibdir.
Məruzə müəllifləri tullantıların məhv edilməsi sistemini yaxşılaşdırmaq, onu daha təhlükəsiz etmək barədə tövsiyələrini veriblər. Söhbət xüsusilə təkrar emal oluna bilən qablaşdırıcı materialların, həmçinin dəfələrlə istifadə oluna bilən maska və əlcəklər də daxil olmaqla fərdi tibbi qoruyucu vasitələrin səhiyyə sistemində tətbiqindən gedir.