ÜST: “Omikron” ştamına yoluxma zamanı xəstəliyin gedişatı müxtəlif ola bilər

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər həftə COVID-19-a 3-4 milyon yeni yoluxma barədə məlumat alır və bu göstəricilər ekspertlərin qənaətincə, mənzərəni tam əks etdirmir. Son vaxtlar bu xəstəliklə bağlı ölüm halları da artmağa başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə ÜST-nin aparıcı epidemioloqu Mariya van Kerkhove bildirib.

O deyib: “Son dörd həftədə bütün dünyada koronavirusla bağlı ölüm hallarının kəskin artmasını müşahidə edirik və bundan çox narahatıq. “Omikron” “delta”nı çox sürətlə əvəzlədi”. Onun sözlərinə görə, “omikron”un yayılması ilə bağlı yeni pandemiya dalğası özünün pik nöqtəsinə hələ bütün ölkələrdə çatmayıb.

M.Kerkhov bildirib ki, “omikron”a yoluxma zamanı xəstəliyin gedişatı müxtəlif cür ola bilər: simptomsuz vəziyyətdən tutmuş ağır və ölüm halınadək. O təsdiqləyib ki, bütövlükdə bu ştam az hallarda xəstəxanaya yatırılma ilə nəticələnir. Lakin belə hallar kifayət qədər çoxdur. Virusu ağır keçirən və tab gətirməyən insanlar var. Hazırda ÜST-də “omikron”un dörd variantı – “BA.1”, “BA.1.1”, “BA.2” və “BA.3” variantları izlənilir. İlkin məlumatlara görə, “BA.2” variantı ən təhlükəli hesab olunur.

BMT təmsilçisinin sözlərinə görə, ağır xəstəlikdən müdafiənin ən etibarlı vasitəsi COVID-19 əleyhinə vaksinlərdir. O xatırladıb ki, ÜST və Təşkilatın tərəfdaşları bütün dünyada daha çox insanı vaksinlə təmin etmək üçün əllərindən gələni edirlər. “Lakin bu da kifayət etmir. İnsanların həyatını xilas etməkdən ötrü immunlaşdırılmanın əhatəsini nəinki artırmaq, həm də virusun yayılmasının qarşısını almaq üçün mümkün olan hər addım atılmalıdır”, - deyə o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: