Yeni növ koronavirus (COVID) infeksiyasında “omikron” ştamı dominantlıq edir. “Omikron”un meydana çıxması nəticəsində infeksiyaya yoluxanların sayında kəskin artım yaranıb. Mütəxəssislərin dediyinə görə, xəstəliyin gedişatının yüngül olması əhali arasında müəyyən arxayınlıq hissi yaratmamalıdır, çünki yoluxma sayında kəskin artım xəstəxana şəraitində müalicə alanların sayına da təsir göstərəcək. “Omikron”un həyati təhlükəsinə gəldikdə isə virus xroniki xəstəliyi olanlar, xüsusilə də peyvənd edilməyənlərdə ağırlaşmalara səbəb ola bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
“Əvvəlki aylarla müqayisədə olduqca yüksək yoluxma sayı müşahidə edilir, bir daha peyvənd olunmağın aktuallığı gündəmə gəlir. Xüsusilə iki doza peyvənddən beş-altı ay keçəndən sonra “buster” dozanın vurulması çox vacibdir, çünki orqanizmdə zəifləmiş qoruyucu anticisimlərin sayı məhz həmin doza sayəsində artır. Xüsusilə yaşlı sakinlər, yanaşı xəstəlikləri olanlar və risk qrupundakılar “buster” doza vurulmasını gecikdirməməlidirlər”,- deyə N.Mustafayeva vurğulayıb.
Həkim-infeksionist “omikron”u digər ştamlardan fərqləndirmək üçün spesifik əlamətlərinin olmadığını bildirib. O, qeyd edib ki, ümumilikdə COVID-19 infeksiyası üçün, o cümlədən “omikron” üçün qoxu qabiliyyətinin zəifləməsi xarakterikdir.
Həkimlər vətəndaşları bütün sanitar-epidemioloji qaydalara əməl etməyə, peyvəndin “buster” dozasını gecikdirmədən vurdurmağa çağırırlar. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən fevralın 15-dən vaksinasiya sertifikatının müddəti 6 ay müəyyən edilir. Qərara görə, 5 aydan sonra “buster” doza vurula bilər. “Buster” dozadan sonra peyvənd və immun sertifikatının təsiri hələlik qeyri-müəyyən müddətə kimi müəyyən edilir.