Səhiyyə maarifi əhalinin sağlamlığının qorunmasına xidmət edir

A- A A+

Səhiyyənin inkişafı cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında mühüm rol oynayır. İqtisadi potensialının artması muxtar respublikamızda da səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Belə bir şərait isə səhiyyə maarifi işinin əhatə dairəsini genişləndirməyi, əhalinin tibbi biliklərə yiyələnməsinə diqqəti daha da artırmağı zəruri edir.  Öncə onu qeyd edək ki, səhiyyə maarifi  insanlara sağlamlıq davranış qaydalarını aşılamaq, profilaktika istiqamətində səhiyyə sisteminə, xəstəliklərin qarşısının alınmasına kömək etmək, əhaliyə gigiyena qaydalarını, həkimə qədər ilk tibbi yardımı, yoluxucu xəstəliklərdən qorunma yollarını öyrətmək, qida elementləri, düzgün qidalanma haqqında məlumat vermək üçün bir vasitədir. Bəs bu vasitədən necə istifadə olunur?

Bu sualla müraciət etdiyimiz Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov bildirdi ki, uşaqlar və onların valideynləri arasında tibbi maarifləndirmə işinin təşkili xəstəxananın fəaliyyətində prioritet istiqamətlərdəndir. Çünki mütəxəssis məsləhəti olmadan həyata keçirilən müalicə tədbirlərindən müsbət nəticə əldə etmək ehtimalı olduqca azdır. Həyata keçirilən maarifləndirmə tədbirləri və bu tədbirlərdə təqdim olunan əyani vəsaitlər uşaqların sağlamlığının qorunması ilə bağlı ilkin istiqamətləndirici funksiya rolunda çıxış edir. Onun icra mexanizmi illik tədbirlər planı əsasında həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən 2021-ci ildə səhiyyə maarif işləri müxtəlif istiqamətlər üzrə aparılıb, ilk növbədə təhsil müəssisələrinə üstünlük verilibdir.

Hazırda Naxçıvan şəhərində 4 məktəbdə həkim, bütün məktəblərdə tibb bacıları fəaliyyət göstərirlər. Bağçalara sahə prinsipinə görə həkimlər nəzarət  edir. Hər il məktəblərdə olduğu kimi bağça və körpələr evində də dərindən tibbi müayinələri keçirilir. Bundan başqa müxtəlif uşaq infeksion xəstəlikləri tibbi sənədləşmələr, qoruyucu peyvəndlər haqda bağçalarda işləyən tibb bacıları ilə vaxtaşırı maarifləndirici söhbətlər aparılır və xəstəxanaya dəvət olunaraq seminarlar təşkil edilir. Tibb işçiləri xəstəxananın poliklinika şöbəsi ilə əlaqəli işləyir, xəstələnmə halları barədə sahə həkimlərinə məlumat verməklə müalicənin vaxtında aparılmasına şərait yaradırlar.

Naxçıvan   Muxtar   Respublikası  Səhiyyə  Nazirliyinin tapşırığına  uyğun  olaraq  Mərkəzi  Uşaq  Xəstəxanasının  tibbi heyəti tərəfindən  Naxçıvan  şəhərində  yerləşən  20  tam  orta  məktəbdə  və   bütün   rayon  məktəblərində  IX,  X, XI  sinif  şagirdlərinə  ilkin  tibbi  yardım haqqında təlim-treninqlərin keçirilməsi səhiyyə maarifinin işində mühüm əhəmiyyət kəsb edib, maarifləndirici tədbirlər xronika, slaydlar və əyani vəsaitlərlə həyata keçirilibdir. 

Naxçıvan  şəhərində  yerləşən  tam  orta  məktəblərdə  uşaqlar arasında qurd xəstəliyi-dehelmintizasiya ilə əlaqədar məktəb tibbi işçiləri əvvəlcədən Poliklinika  şöbəsinə  dəvət  olunur,  parazitoloji  xəstəliklər, onun müalicəsi profilaktikasına dair söhbətlər aparılır. Həmçinin hər məktəbdə, xüsusən aşağı siniflərdən  seçmə üsulu  ilə  helmintin  təyini  üçün  material götürülür və analiz üçün müvafiq laboratoriyalara göndərilir. Xəstəliyi aşkar olunan  uşaqlar  qeydiyyata  alınaraq  müalicəsi və profilaktikası ilə əlaqədar lazımi tədbirlər görülür. Bu il 20 tam orta məktəbdə 325 uşaq helmintə qarşı müayinədən  keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Dispanserizasiya kabinəsinə müraciət edən valideynlərlə xəstəliklər və onların profilaktikası haqda söhbətlər aparılır. Eyni zamanda kabinə həkimləri tərəfindən ayda bir dəfə ucqar və sərhəd kəndlərində uşaq əhalisinə xüsusi tibbi xidmət göstərilməklə profilaktik tədbirlər həyata keçirilir, valideynlər müxtəlif xəstəliklər və onların profilaktikası haqqında məlumatlandırılır.

Uşaq  əhalisi  arasında  səhiyyə  maarifi  işi "Ailə sağlamlıq məktəbi”nin  fəaliyyətində əsas yer tutmaqla mütəmadi davam etdirilir. “Ailə sağlamlıq məktəbi”nin məşğələlərində valideynləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılır. Gənc analara uşağa qulluq, ana südünün, profilaktik peyvəndlərin əhəmiyyəti, mövsümi xəstəliklərdən qorunmağın yolları, 1 yaşa qədər uşaqların qidalanması, eyni  zamanda  müxtəlif  xəstəliklərin profilaktikası  barədə məlumatlar verilir.

Pandemiya şəraitində “Ailə sağlamlıq məktəbi” pediatrik sahələrdə, evlərdə də olub, COVID – 19 infeksiyasından qorunma yolları haqqında səhiyyə maarifi  işləri aparılıbdır.

Eyni zamanda ötən il səhiyyə maarifi  ilə əlaqədar  1223 mühazirə oxunub,  681 söhbət aparılıb, teleradioda 19 çıxış icra edilib, mətbuatda 3 yazı dərc olunub, Tibbi şurada 47 müzakirə aparılıbdır. “Şəxsi gigiyena qaydalarının təlimata uyğun aparılmasına dair məlumat” başlıqlı metodik vəsait hazırlanaraq şagird və valideynlərə paylanıbdır.

Səhiyyə maarifinin icrası istiqamətində görülən işlər onu deməyə əsas verir ki, Naxçıvanda uşaqların sağlamlığının qorunması prioritet istiqamətlərdən biridir. Çünki sağlam uşaqlar gələcək sağlam cəmiyyətin təməlini təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “O uşaq hərtərəfli inkişaf edir ki, o, sağlam olsun. Ona görə də uşaqların sağlamlığının qorunmasına diqqət artırılır. Muxtar respublikada yaradılan müasir səhiyyə infrastrukturu, mütəmadi olaraq aparılan profilaktika və müayinə tədbirləri gələcəyimiz olan gənc nəslə qayğının ifadəsidir”.  

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: