Bir neçə gün əvvəl belindən sol aşağı ətrafa yayılan şiddətli ağrı və keylik şikayətləri ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müraciət edən xəstədə L5-S1 fəqərəarası diskin yırtığı aşkar edilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, mərkəzin həkim-neyrocərrahı Vüqar Verdiyev tərəfindən xəstəyə "L5-S1 diskektomiya, sekvestrektomiya ( əsas diskdən qopub onurğa kanalına düşmüş disk parçasının çıxarılması)" diaqnozu qoyulub. Ümumi narkoz altında əməliyyat zamanı mikroskopdan istifadə edilərək dəridə 3-4 santimetr uzunluğunda kəsik aparılıb.
Fəqərəarası seqmentin minimal rezeksiyası ilə disk yırtığı xaric olunub.
Əməliyyatdan sonra xəstənin ağrısı tam keçib və ağrı səbəbindən yaranmış hərəkət çətinliyi aradan qalxıb. Xəstə 2 gün həkim nəzarətində saxlanıldıqdan sonra ağrılardan azad olmuş şəkildə təxliyyə edilib.
Beləliklə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti mürəkkəb cərrahi əməliyyata imza atılıb.
Qeyd edək ki, son illər Diaqnostika Müalicə Mərkəzində peşəkar tibbi kadrların sayı get-gedə artmaqdadır. Onlardan biri də neyrocərrah Vüqar Verdiyevdir. Vüqar həkim ötən il aprelin 23-dən bu müəssisədə fəaliyyət göstərir. Qısa müddətdə baş beyin və onurğa beyin törəmələri, bel, boyun və döş fəqərələrarası disk yırtıqları, spinal cərrahiyyə, fəqərə sürüşmələri və digər mürəkkəb cərrahi əməliyyatların aparılmasına nail olub.