Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tələskənlik göstərərək koronavirus pandemiyasının bitmiş elan edilməsinə etiraz edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus bu barədə xəbərdarlıq edib. O bildirib ki, dünyanın bir sıra ölkələrində yüksək peyvənd kvotası və “omikron“ variantına yoluxmaların nisbətən rahat keçməsi ictimai fikirdə sanki pandemiyanın başa çatması kimi təhlükəli anlayışa yol açır.
T. Qebreyesus bildirib ki, bu yanaşma düzgün deyil, çünki müalicə edilə və qarşısı alına bilən xəstəlikdən hər həftə dünyada 70 min insan həyatını itirir. Afrika əhalisinin 83 faizinə peyvəndin ilk dozası hələ də vurulmayıb. Bir çox ölkənin səhiyyə sistemləri yüksək yoluxmalara görə xəstəxanaların yüklənməsi ilə bağlı əziyyət çəkir. Hazırkı vəziyyət daha yoluxucu və təhlükəli variantların meydana gəlməsi üçün ideal hesab oluna bilər.
ÜST rəhbəri qeyd edib ki, pandemiyaya qlobal səhiyyə fövqəladə vəziyyəti kimi son qoymaq mümkündür. Bunun üçün müvafiq tibbi-texniki imkanlar, bilik və təcrübə mövcuddur. O, dünyanın zəngin ölkələrini bir daha inkişaf etməkdə olan ölkələri peyvənd, testlər, dərman preparatları və maskalarla təmin etmək üçün 16 milyard ABŞ dolları həcmində vəsaitin toplanmasına dəstək göstərməyə çağırıb.
T. Qebreyesusun sözlərinə görə, pandemiyadan dolayı daha bir ili ağır iqtisadi nəticələrlə keçirmək əvəzinə 16 milyard dollarlıq vəsaitin toplanması daha məqsədəuyğun yol sayılmalıdır, çünki əsas diqqət pandemiyaya son qoymağa yönəldilməlidir.