Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 450 milyon nəfəri ötüb.
NUHÇIXAN İnformasiya Agentliyi pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, son sutka ərzində dünyada koronavirusa 1 milyon 604 min 722 yoluxma halı aşkarlanıb. Beləliklə, yoluxanların ümumi sayı 450 milyon 8 min 900 nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 36 min 400 nəfərə çatıb.
ABŞ pandemiyanın başlanğıcından bəri həm COVID-19 infeksiyasına yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderliyinə davam edir. Martın 9-na olan məlumata əsasən, Birləşmiş Ştatlarda indiyədək koronavirusa 81 milyon 13 minə yaxın insan yoluxub, onlardan 987 min 615 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 42 milyon 976 minə yaxın insanda COVID-19 xəstəliyi təsdiqlənib, 515 min 386 nəfər vəfat edib.
Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində ümumilikdə 29 milyon 144 min 964 nəfər koronavirusa yoluxub, onlardan 652 min 936 nəfəri virusun qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il martın 11-də koronavirusu pandemiya elan edib.