Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu mövzuda Naxçıvan Muxtar Respublika Xəstəxanasında ilkin səhiyyə xidməti işçiləri üçün treninq keçirilib.
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə keçirilən treninqdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva vərəmlə mübarizə sahəsində muxtar respublikada görülən əhəmiyyətli işlərdən və ilkin səhiyyə xidmətinin rolundan danışıb. Samrat Gəncəyeva tibb işçilərinin vərəmlə mübarizə sahəsində bilik və bacarıqlarının artırılması və vərəmin DOTS strategiyası ilə müalicəsinin vacibliyini xüsusi vurğulayaraq bu istiqamətdə Qlobal Fondun maliyyə dəstəyi ilə icra edilən vərəmlə mübarizə layihəsinin muxtar respublikadakı fəaliyyətini də yüksək qiymətləndirib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, Vərəmlə mübarizə üzrə Milli Proqramın müalicə üzrə koordinatoru Aysel Aslanova vərəm xəstəliyi, onun aşkarlanması və təsnifatı barədə məlumat verib, ölkədə həyata keçirilən Milli Vərəm Proqramının məqsəd və vəzifələri, ilkin səhiyyə xidmətinin vərəmlə mübarizədəki vacib rolundan danışıb. Qeyd edib ki, həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əhalinin sosial rifah halının yaxşılaşması və səhiyyə sistemində aparılan köklü islahatlar vərəm xəstəliyinin yayılmasının qarşısını almaqda əhəmiyyətli rol oynayır.
Sonra Milli Referens Laboratoriyasının müdiri, Vərəmlə mübarizə üzrə Milli Proqramın laborator diaqnostika üzrə koordinatoru Mehriban Seyfəddinova vərəmin laborator diaqnostikası, müalicəsi və profilaktikası mövzularında təlim keçib.
Treninq zamanı mövzu ilə əlaqədar suallar cavablandırılıb.
Daha sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Vəfa Şahtaxtinskaya “Vərəm əleyhinə dərmanların əlavə təsirləri”, “DOT-kabinənin təchizatı, kabinetdə çalışan tibb heyətinin işi və vəzifəsi” mövzularında ətraflı məlumat verib. Bildirib ki, bu cür tədbirləri keçirməkdə məqsəd xəstəliyə qarşı tibbi mübarizəni gücləndirmək, tibbi bilikləri artırmaqdır.
Tədbir “Müəssisələrdə vərəm əleyhinə infeksion nəzarət qaydaları”nın təlimi ilə başa çatıb, post test aparılıb.
İki günlük regional əyani treninq martın 11-də öz işini ftiziatrlar üçün davam etdirəcək.
Treninqin sonunda bütün iştirakçılara sertifikatlar veriləcək və vərəmlə mübarizədə ilkin səhiyyə xidməti müəssisələrinin fəaliyyətinə rəhbərlik barədə metodik vəsait paylanılacaq.
Adilə Səfərova