“Pfizer” şirkəti 6-17 yaşlı uşaqlar üçün COVID-19-a qarşı “Paxlovid” həblərinin tədqiqatının ikinci mərhələsinə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi şirkətin press-relizinə istinadla xəbər verir ki, “Paxlovid” (“Nirmatrelvir” və “Ritonavir” həbləri) məxsusi olaraq COVID-19-a qarşı mübarizə üçün yaradılmış ilk peroral preparatdır. Onun təsiri pediatrik klinik tədqiqat nəticəsində qiymətləndiriləcək.
“Pfizer” şirkətinin baş elmi işçisi Mikael Dolsten deyib: “Pandemiya başlanandan bəri təkcə Birləşmiş Ştatlarda yaşı 18-dən aşağı olan 11 milyondan çox uşağın COVID-19 testi müsbət nəticə verib. Bu, qeydə alınmış xəstəlik hallarının təqribən 18 faizini təşkil edir. Nəticədə 100.000-dən çox pasiyent xəstəxanaya yatırılmalı olub”.
Dolsten qeyd edib ki, ambulator müalicəyə tələbatın xeyli hissəsi təmin edilmir. Halbuki, xəstəliyin ağırlaşmasının, o cümlədən xəstəxanaya yatırılma və ya ölüm hallarının qarşısını almaq üçün uşaq və yeniyetmələr ambulator şəraitində müalicə oluna bilər. Yeni preparat dünyanın bir çox ölkələrində yaşı 12 və daha yuxarı olan insanlar tərəfindən istifadə edilməsinə icazə verilib. Bu günə qədər həmin preparatdan istifadə edilməklə 1,5 milyondan çox müalicə kursu keçirilib və iyul ayına qədər bu göstəricinin 30 milyona çatacağı gözlənilir.
Şirkətdən bildirilib ki, sınaqların ikinci mərhələsində yaşı 18-ə qədər olan 140-a yaxın uşaq iştirak edir. Yüksək risk qrupuna daxil olan yaşlılar üzərində aparılmış tədqiqat göstərib ki, bu preparat simptomlar yaranandan sonrakı üç gün ərzində xəstəxanaya yatırılma və ya ölüm riskini 89 faiz, simptomlar yaranandan sonrakı beş gün ərzində isə 88 faiz azaldır.