ÜST: Koronavirusa yoluxma hallarının sayı həftə ərzində 8 faiz artıb

A- A A+

Ötən həftə dünyada 11 milyondan çox insan koronavirusa yoluxub, 43 mindən çoxu isə bu xəstəlik nəticəsində vəfat edib. Əvvəlki yeddi gün ilə müqayisədə yoluxanların sayı 8 faiz artıb, ölüm hallarının sayı isə 17 faiz azalıb.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir.

ÜST-yə 11.407.714 nəfərin yoluxması barədə məlumat daxil olub, 43.097 ölüm faktı qeydə alınıb.

Əvvəlki həftə ilə (fevralın 28-dən martın 6-dək) müqayisədə yoluxanların sayında artım Qərbi Sakit okean regionunda (29 faiz), Afrikada (12 faiz) və Avropada (2 faiz) müşahidə edilib. Eyni zamanda, ÜST-nin qalan üç regionunda yoluxma səngiyib. Şərqi Aralıq dənizi regionunda xüsusilə əhəmiyyətli azalma (24 faiz) qeydə alınıb. Dünyada həftə ərzində bütün yeni yoluxma hallarının 44 faizi Avropanın payına düşür. Ölüm halları Qərbi Sakit okean regionunda (12 faiz) artıb. Qalan regionlarda, xüsusən də Şərqi Aralıq dənizi regionunda (49 faiz) və Afrikada (41 faiz) bu göstərici azalıb. Avropada 23 faiz, Amerikada isə 15 faiz azalma müşahidə edilib.

Həftə ərzində ən çox yoluxanlar barədə məlumat Koreya Respublikasından (2.100.171) daxil olub. Sonrakı yerlərdə Vyetnam (1.670. 627), Almaniya (1.350.362), Niderland (475.290) və Fransa (419.632) gəlir. 7 gün ərzində xəstəlik səbəbindən daha çox ölənlər Amerika Birləşmiş Ştatlarında qeydə alınıb – 9.078 nəfər. Bu siyahıda sonrakı yerləri Rusiya (4.530), Braziliya (3.301), İndoneziya (1.994) və Çin (1.955) tutur.

Qeyd edək ki, indiyədək Azərbaycanda 790 min 962 nəfər koronavirusa yoluxub, 9 min 627 nəfər bu xəstəliyin qurbanına çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: