Diaqnostika Müalicə Mərkəzi Şahbuzda tibbi aksiya təşkil edib - FOTOLAR

A- A A+

Muxtar respublikada aztəminatlı ailələrin, şəhid ailələrinin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi və sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Şahbuzda növbəti humanitar tibbi aksiya təşkil edib. 

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında aksiyanın təşkili üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq şəxslərin siyahısı hazırlanıb və xəstəxanaya dəvət olunublar. Diaqnostika Müalicə Mərkəzinin 12 nəfərdən ibarət həkim heyəti tərəfindən 123 nəfər heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə və digər tibbi xidmətlərdən yararlanıb.

Terapevtik, kardioloji, rentgenoloji, laborator, stomatoloji, nevroloji və digər müayinələrdən keçənlərə müvafiq tibbi yardım göstərilib, təyinat və məsləhətlər verilib. Aztəminatlı ailənin üzvü olan bir uşaq sünnət olunub. 1 nəfər 1-ci qrup əlil şəhid ailəsi fizioterapiya müayinəsi, 3 nəfər isə digər müayinələr üçün stasionara dəvət edilib.

Aksiyadan yararlananlar göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına minnətdarlıq edərək bütün bunları qazilərə, şəhid və aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da davam etdiriləcək.

                                     Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: