ÜST: Koronavirusa yoluxma halları həftə ərzində 24 faiz azalıb

A- A A+

Ötən həftə dünyada COVID-19 infeksiyasına 7 milyondan çox yoluxma halı aşkar edilib ki, bu da öncəki həftə ilə müqayisədə 24 faiz azdır. Həmçinin həftə ərzində ölüm hallarının sayı da 18 faiz azalaraq 22 min nəfər təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində yer alıb.

“Aprelin 4-dən 10-dək COVID-19 infeksiyasına yeni yoluxma hallarının sayı öncəki həftə ilə müqayisədə 24 faiz, ölənlərin sayı isə 18 faiz azalıb. Həftə ərzində Ümumdünya Səhiyyə Təşkilatına 7 milyon 221 min 651 yoluxma və 22 min 336 ölüm faktı barədə məlumat daxil olub”, - deyə sənəddə bildirilir. Həmçinin qeyd olunur ki, artıq ardıcıl olaraq üçüncü həftədir COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayında azalma baş verir.

Ötən həftə ÜST-nin altı regionunun hamısında yoluxma hallarında azalma müşahidə olunub. Bu, əsasən Avropada (26 faiz) özünü daha qabarıq göstərib. Həmçinin bütün regionlarda, xüsusən Afrikada (73 faiz) və Qərbi-Sakit Okean regionunda (21 faiz) ölüm hallarının sayında azalma müşahidə olunub.

Həftə ərzində ən çox yoluxma Koreya Respublikasında baş verib – 1 milyon 459 min 454 nəfər. Bu göstəriciyə görə Şimali Koreyanın ardından Almaniya (1 milyon 19 min 649 nəfər) və Fransa (927 min 73 nəfər) gəlir. Son yeddi gündə ən çox ölüm halı ABŞ-da qeydə alınıb – 3 min 682 nəfər. Ölüm hallarının həftəlik miqdarına görə ilk üçlüyə, həmçinin Koreya Respublikası (2 min 186 nəfər) və Rusiya (2 min 8 nəfər) daxildir.

Xatırladaq ki, ÜST 2020-ci ilin mart ayında COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, indiyədək dünyada koronavirusa 501 milyon 188 min yoluxma halı qeydə alınıb, virus səbəbindən 6 milyon 209 min 741 nəfər həyatını itirib, 451 milyon 374 min nəfər isə sağalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: