Salmonella infeksiyası adətən bağırsaqlarda olur. Bağırsaq çöpləri ilə eyni bakteriya ailəsindən olan salmonella infeksiyasına yoluxan insanlar ishal, qızdırma, qarın ağrısı və qusma kimi simptomlarla qarşılaşa bilər. Salmonella bakteriyası çiy və ya az bişmiş ət, yumurta, yuyulmamış meyvələr və tərəvəzlər, qaynadılmamış süd və s. qidalarda rast gəlinir.
ABŞ-da yerləşən qeyri-kommersiya sağlamlıq təşkilatı olan “Mayo Clinic”in məlumatına görə, salmonella infeksiyasına məruz qalan insanların əksəriyyətində xəstəliyə aid heç bir əlamət müşahidə olunmur. Yoluxma simptomları qeydə olunanlarda isə virus 8-72 saat arasında xüsusi müalicəyə ehtiyac olmadan yox olur. Ancaq az sayda insanda salmonella infeksiyasının səbəb olduğu ishal bədəndə həddindən artıq su itkisinə səbəb ola bilir, buna görə belə insanların medikamentoz müalicə olunması mütləqdir. İnfeksiyanın bağırsaqlardan bədənə yayılması həyat üçün təhlükə yarada bilər.
NUHÇIXAN İnformasiya Agentliyi BBC-ə istinadla bildirir ki, Avropada virusun son dövrlərdə geniş yayılmasının səbəbi Ferrero şirkətinə məxsus Belçikadakı Kinder's fabrikində istehsal olunan bir sıra məhsullarda salmonella typhimurium bakteriyasının tapılması olub. Bu, çoxlu sayda uşaq qanlı ishal kimi ciddi simptomlarla xəstəxanaya yerləşdirildikdən sonra müəyyən edilib.
“Mayo Clinic”dən verilən məlumata görə, salmonellanın müalicəsində ishal səbəbi ilə itirilən su miqdarını doldurmaq üçün bol maye qəbul etmək vacibdir. Bundan əlavə, bəzi hallarda ishal dərmanları və antibiotik müalicəsi də tətbiq edilə bilər. Mütəxəssislər, salmonella infeksiyasına yoluxduqlarından şübhələnən və simptomları olan insanların həkimə müraciət etmələrini tövsiyə edir.