Bu günə qədər dünyada uşaqlar arasında mənşəyi məlum olmayan kəskin hepatit virusuna 220-dən çox yoluxma halı qeydə alınıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Filippa İsterbruk brifinqdə bildirib.
“Mayın 1-nə olan məlumata görə, dünyada 20 ölkədə mənşəyi məlum olmayan kəskin hepatit virusuna 228 yoluxma halı qeydə alınıb və 50-dən artıq hal üzrə araşdırmalar aparılır, - deyə o qeyd edib. – Təkcə altı ölkədə beşdən çox yoluxma halının qeydə alınmasını qeyd etmək vacibdir. Bir ölüm halı qeydə alınıb və 18 halda qaraciyərin trasplantasiyasına ehtiyac yaranıb".
Mütəxəssisin sözlərinə görə, ÜST xəstəliyin “bütün yoluxucu və yoluxucu olmayan səbəblərinin” tədqiqini davam etdirir: “Məlumdur ki, bu hepatit virusuna səbəb kəskin virus hepatitinə (A, B, C, D и E) səbəb olan viruslar deyil. Biz, həmçinin sorğu nəticələrinə əsasən belə qənaətə gələ bilərik ki, hepatit virusu hansısa coğrafi rayon, qidalanma, heyvanlar və ya toksinlərlə əlaqəli deyil. Xəstəliyin koronavirusa qarşı vaksinlə əlaqələndirilməsi də əsassızdır, çünki uşaqların əksəriyyəti peyvənd olunmayıb”.
ÜST adenovirusun hepatit virusuna səbəb ola biləcəyini aydınlaşdırmağa çalışır. "Ümumilikdə bu kifayət qədər nadir xəstəlikdir", - deyə ekspert vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata əsasən indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.