Endokrinologiyanın aktual problemlərinə dair konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində belə konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb, həkimlərin bilik və bacarıqlarının artırılmasında faydalı olacağına əminliyini ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Şəkərli diabetin diaqnostikası və müalicəsinin idarə olunması”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin baş həkim əvəzi Mətanət Səfərova “Şəkərli diabetin müalicəsində peroral preparatlar”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “İnsulin rezistentliyi” mövzularında məruzələr ediblər.

Qeyd olunub ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hazırda dünyada 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Muxtar respublikamızda səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi endokrinologiya sahəsində də mühüm irəliləyişlərə şərait yaradıb. Muxtar respublikada şəkərli diabet xəstələrinə şəkər ölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir. Diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.

Vurğulanıb ki, müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün Bakıdan dəvət olunan yüksəkixtisaslı həkimlər də yerli həmkarları ilə birgə bölgələrdə konsultativ söhbətlər və səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.

Konfransda müzakirələr aparılıb, endokrinologiyanın aktual problemlərinə dair suallar cavablandırılıb.

                                                                      Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: