Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə muxtar respublikada tibbi aksiyalar davam etdirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə muxtar respublikada tibbi aksiyalar davam etdirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə növbəti aksiyalar Şahbuz və Culfa rayonlarında təşkil olunub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrah, anestezioloq, terapevt, endokrinoloq, fizioterapevt, oftalmoloq, üz- çənə cərrahı, uroloq, USM və laborantdan ibarət tibbi heyəti bu məqsədlə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında olub. Tibbi aksiya çərçivəsində xəstələrin müayinə və müalicəsi, eyni zamanda kiçik cərrahi əməliyyatları aparılıb. Ümumilikdə, 115 xəstədə 200-dən çox müayinə aparılıb, 89 xəstəyə müalicə üçün təyinat verilib. Qeyd edək ki, ümumi müayinələrdən sonra 26 nəfər kiçik əməliyyat edilib.
Culfa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan humanitar aksiyada isə 21 azyaşlı uşaq kiçik əməliyyat olunub, 32 nəfər rayon sakini terapevt müayinədən keçirilib, 5 nəfərdə çənə müayinəsi aparılıb. Ümumilikdə aksiya çərçivəsində həyata keçirilən əməliyyatlar uğurla başa çatdırılıb. Pasiyentlər hematoloji, uroloji, nevroloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
Bütün müayinə, müalicə və cərrahi əməliyyatlar pulsuz həyata keçirilib.
Xosrov İbrahimov